Cari ilin fevral və aprel aylarında Avropa İttifaqının dəstəyi ilə həyata keçirilmiş, KOBİA-nın da benefisiarı olduğu 3 texniki dəstək layihəsinin tamamlanması mərasimi baş tutub.
×
Cari ilin fevral və aprel aylarında Avropa İttifaqının dəstəyi ilə həyata keçirilmiş, KOBİA-nın da benefisiarı olduğu 3 texniki dəstək layihəsinin tamamlanması mərasimi baş tutub. Gündəliyimizdə hələ bir sıra layihələrin icrası davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O qeyd edib ki, gələcəkdə də qarşılıqlı maraqlara əsaslanan bir çox birgə təşəbbüs və layihələr həyata keçiriləcək. Azərbaycan Avropa İttifaqı ilə tvinninq və texniki dəstək layihələri ilə yanaşı, TAIEX, SIGMA, Büdcəyə Dəstək alətləri və digər mexanizmlər çərçivəsində əməkdaşlıq edir, bu istiqamətlərdə 1992-ci ildən etibarən Azərbaycana 582 milyon avro məbləğində yardım göstərilib. Avropa İttifaqının tvinninq aləti çərçivəsində biznes statistikasının təkmilləşdirilməsi ilə bağlı həyata keçirilmiş hazırkı layihə də mühüm əhəmiyyətə malikdir. Əksər ölkələrdə sosial-iqtisadi inkişafda çox zaman lazımi diqqət yetirilməyən, amma böyük təsir imkanına malik məhdudiyyətlərdən biri adekvat, dəqiq və vaxtında təmin edilən məlumatların olmamasıdır. Əslində, bu cür məlumat bazasının mövcudluğu inkişafın effektiv planlaşdırılmasının əsasını təşkil edir.
“Biznes statistikası iqtisadiyyatın sektoral təhlili və proqnozlaşdırılması, o cümlədən tələb və təklifin müəyyənləşdirilməsi, resursların səmərəli bölüşdürülməsi, istehsalın düzgün təşkili, dinamikanın analizi və sair baxımdan əhəmiyyətlidir. Ekonometrik modellərə çevrildikdə isə onlar siyasətlərin formalaşmasına yardım edir. Hər amildən əvvəl etibarlı statistik məlumatlar - dayanıqlı inkişafın və idarəetmənin əsaslandığı mühüm bazadır. Ümumilikdə, biznes statistikası həyata keçirdiyimiz siyasət və proqramların nəticələrinin monitorinqi və qiymətləndirilməsinə, eləcə də müqayisəli təhlillərin aparılmasına imkan verməklə, qərar qəbulu prosesini dəstəkləyə bilir. Bu baxımdan, Dövlət Statistika Komitəsi müvafiq məlumatlar təmin etməklə hökumət daxilində və ümumilikdə, cəmiyyətdə məlumatlara əsaslanan qərar qəbulu prosesinə öz töhfəsini verir”, - deyə O.Məmmədov diqqətə çatdırıb.