Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsı və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşları bayram günlərində insanların istirahət etdiyi məkanlarda - mexanikləşdirilmiş attraksionların qurulduğu parklar və əyləncə mərkəzlərində attraksionlardan istifadə zamanı təhlükəsizlik istismarını təmin etmək üçün baxış keçiriblər.
×
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsı və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşları bayram günlərində insanların istirahət etdiyi məkanlarda - mexanikləşdirilmiş attraksionların qurulduğu parklar və əyləncə mərkəzlərində attraksionlardan istifadə zamanı təhlükəsizlik istismarını təmin etmək üçün baxış keçiriblər.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Agentliyinin Qazanqaldırıcı və Energetika Qurğularında İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət Müfəttişliyinin rəisi Sahil Mənsimov deyib.
O qeyd edib ki, təhlükə potensialı olan obyektlərdə, o cümlədən attraksionlarda texniki nəzarətin təşkili və icra olunmasına dövlət nəzarətini həyata keçirir. Mexanikləşdirilmiş attraksionlar istismara buraxılmazdan əvvəl quraşdırıldıqdan sonra istehsal zavodu tərəfindən təyin olunmuş pasport əsasında agentlikdə qeydiyyata alınır. Mütəxəssislərimiz tərəfindən həmin attraksionlar yoxlanılaraq istismara yararlılığı müəyyənləşdirilir, bundan sonra istismara icazə verilir. Həmin mexanikləşdirilmiş attraksionlar Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, dövlət reyestrində qeydiyyata alınmalı və istismar müddətində texniki təhlükəsizlik sertifikatı ilə təmin edilməlidir. İstismar müddəti ötmüş və ya zavod lisenziyası olmayan attraksionların istifadəsinə icazə verilmir. Hər hansı attraksion istismara buraxılmadan əvvəl onun təhlükəsiz istismarını təmin etmək məqsədilə mühəndis-texniklər tərəfindən cavabdeh şəxslər təyin edilməlidir, attestasiyadan, tibbi müayinədən keçmiş attraksion operatoru ilə təmin edilməlidir. Həmin işlərin hamısını müəyyən qaydada attraksion sahibi tərəfindən icra edilməli və həmin sənədlər agentliyə təqdim olunmalıdır.
S.Mənsimov diqqətə çatdırıb ki, agentlik Novruz bayramı ilə əlaqədar qarşıdan gələn istirahət günlərində insanların kütləvi şəkildə istifadə edəcəyi respublikanın şəhər və rayonlarındakı müxtəlif məkanlardakı attraksionların təhlükəsiz istismarının təmin edilməsi məqsədilə texniki təhlükəsizlik tələbləri ilə bağlı nəzarət və təbliğat xarakterli tədbirlər həyata keçirib. Tədbirlərdə agentliyin əməkdaşları tərəfindən vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə attraksionlarda qanunvericiliyin tələblərinə əməl olunmasının vəziyyəti araşdırılıb və müəyyən edilən nöqsanların aradan qaldırılması üçün attraksionlara cavabdeh olan şəxslərə zəruri göstəriş, habelə tövsiyələr verilib. Bildirilib ki, attraksionlar təhlükə potensiallı qurğular olduğu üçün onların istismarına cavabdeh şəxslər təyin olunmalı, operatorlar attraksionların təhlükəsiz istismar qaydaları üzrə müvafiq biliklərə malik olmalıdır. Eləcə də attraksionlarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə sınaq işləri aparılmalı və onlara gündəlik baxış keçirilməlidir.
İnsanların həyat və sağlamlığı hər şeydən vacib olduğu üçün attraksionlara cavabdeh olan fiziki və hüquqi şəxslərdən onların istismarı zamanı təhlükəsizlik qaydalarına daha ciddi yanaşılması və nəzarətin gücləndirilməsi tələb olunub. Həmçinin görülən tədbirlər zamanı attraksionların təhlükəsiz istismar olunmasında üzərilərinə düşən vəzifələr, o cümlədən baş verə biləcək arzuolunmaz hadisələr zamanı həyata keçirilməli olan operativ tədbirlər barədə məsul şəxslərə ətraflı məlumat verilib.