Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində ilk panel iclas “Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri” mövzusuna həsr edilib.
×
Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində ilk panel iclas “Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri” mövzusuna həsr edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Fransanın "Musuomans en Franse" jurnalınin baş redaktoru Jam Mişel Brun, Rusiya Milli Kitabxanasının Əlyazmalar departamentinin şərqşünaslıq sektorunun müdiri Olqa Vasilyeva, türkiyəli professorlar Adnan Kara İsmayıloğlu, Nemət Yıldırım və başqalarının məruzələri dinlənilib.
Çıxışlarda Nizami Gəncəvi yaradıcılığının zənginliyi, şairin poetik irsinin dünya miqyasında təşviq edilməsi, dünyəvilik sahəsində nümunəliyi və onun maarifçilik fəlsəfəsinin özünəməxsusluğu barədə danışılıb.
Qeyd edilib ki, Nizami yaradıcılığı dünya xalqları və bəşəri fərdlər arasında birgə sülh şəraitində yaşamağa və dünyanı gözəlləşdirməyə xidmət edir. Şərq cəmiyyətlərinin mədəniyyətlərində problemli məsələlər var. Nizami də Nyuton kimi qeyd edir ki, elm çıxış yoludur. Nizamiyə görə fərdlər öz təfəkkürlərini inkişaf etdirməklə neqativləri aradan qaldırmalıdırlar. Maarifçi alimlərin dediyi elmi məsələlər, Nizami tərəfindən çox-çox əvvəllər deyilib. Belə bir qənaətə gəlinir ki, dünyanın bir çox maarifçi alimlərinin Nizami yaradıcılığına çıxışı olub.
Vurğulanıb ki, öz yaradıcılığı ilə bütün dünyada şöhrət qazanan, ədəbiyyatın əbədi zirvəsi sayılan böyük Nizami yalnız dahi şair deyil, ölməz ideyaları ilə öz dövrünü qabaqlamış, ülvi məhəbbət, milli köklərə bağlılıq, ədalətli cəmiyyət, əməksevərlik kimi ən mühüm mövzulara toxunan kamil söz ustadıdır. Humanizm prinsiplərinin təşəkkül tapmasında şair və mütəfəkkir Nizaminin misilsiz xidmətləri vardır.
Qeyd edək ki, forum noyabrın 26-dək davam edəcək.