Bakıda memarlıq-tikinti akustikası sahəsində çalışan mütəxəssisləri, memarları, layihəçiləri və 15-dən çox ölkənin tikinti sektorunun nümayəndələrini bir araya gətirən XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu işinə başlayıb.
×
Bakıda memarlıq-tikinti akustikası sahəsində çalışan mütəxəssisləri, memarları, layihəçiləri və 15-dən çox ölkənin tikinti sektorunun nümayəndələrini bir araya gətirən XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində müxtəlif təyinatlı obyektlərin akustik layihələndirilməsinə müasir yanaşmalar, binaların səs-küy və vibrasiyadan qorunması, səs izolyasiyası və akustik komfortun təmin edilməsi məsələləri müzakirə olunur.
Proqramın əsas hissəsi memarlıq-tikinti akustikasının aktual problemlərinə həsr olunub. Forum iştirakçıları konsert, opera və çoxfunksiyalı zalların akustik layihələndirilməsi sahəsində müasir həlləri, həmçinin səs izolyasiyası konstruksiyalarının səmərəliliyi məsələlərini nəzərdən keçirirlər.
Yaşayış və ictimai binalarda akustik komfortun təmin edilməsinin praktik aspektlərinə, obyektlərin akustik komfort səviyyəsinə görə təsnifatına və mühəndislik həllərinin tətbiqi sahəsində beynəlxalq təcrübəyə də xüsusi diqqət yetirilir.
Oktyabrın 9-da forum çərçivəsində dəyirmi masa formatında tərəfdaş-diler konfransı keçiriləcək. Burada səs və vibrasiya izolyasiyası sahəsində yeni mühəndislik həlləri, sertifikatlaşdırma məsələləri və müvafiq texnologiyaların yerli bazarlarda tətbiqinin xüsusiyyətləri müzakirə olunacaq.