Respublikanın müvafiq mühərrik yanacaqları ilə fasiləsiz təmin olunması ilə bağlı SOCAR tərəfindən Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) “Modernizasiyası və yenidənqurulması" layihəsi çərçivəsində əsaslı təmir müddəti ərzində lazımi tədbirlər görülüb.
×
Respublikanın müvafiq mühərrik yanacaqları ilə fasiləsiz təmin olunması ilə bağlı SOCAR tərəfindən Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) “Modernizasiyası və yenidənqurulması" layihəsi çərçivəsində əsaslı təmir müddəti ərzində lazımi tədbirlər görülüb. Bu səbəbdən NEZ-də aparılan əsaslı təmir işləri müddətində ölkə daxilində yanacaq qıtlığının yaranması gözlənilmir.
AZƏRTAC xəbər verir ki, bunu SOCAR-ın “Downstream Management” şirkətinin Baş direktorunun müavini, layihənin direktoru Emil Alxaslı deyib.
Layihənin icra qrafikinə əsasən təmir işləri tamamlandıqdan sonra, yəni, 2022-ci ilin ortalarından etibarən, əvvəlcə “Avro-5” standartlarına uyğun dizel yanacağının istehsalının nəzərdə tutulduğunu söyləyən E.Alxaslı deyib: “Digər yeni qurğuların mütəmadi olaraq istismara verilməsi ilə isə NEZ-də istehsal olunan benzinin keyfiyyətinin daha da artırılması və 2023-cü ilin ortalarından etibarən benzinin keyfiyyətinin də “Avro-5” standartlarına çatdırılması qarşıya əsas məqsəd kimi qoyulub”.
SOCAR-ın "Downstream Management" şirkətinin Ətraf mühit üzrə meneceri Tural Məhərrəmov çıxış edərək, layihənin ölkəmiz üçün böyük ekoloji əhəmiyyət kəsb etdiyini, layihə müddətində yerli və beynəlxalq ekoloji qanunvericiliyin tələblərinə diqqət yetirildiyini vurğulayıb. O, həmçinin müasir texnologiyaların tətbiq olunduğunu və qabaqlayıcı tədbirlərin görüldüyünu qeyd edib.