Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) “Modernizasiyası və yenidənqurulması” layihəsi çərçivəsində görülən işlər haqqında ictimaiyyəti məlumatlandırmaq, inşa ediləcək Çirkab Suların Təmizlənməsi Qurğusunun (CSTQ) və təmizlənmiş çirkab suların Xəzər dənizinə axıdılması üçün çəkiləcək boru xəttinin tikintisi, həmçinin istismarı üzrə hazırlanmış Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (MTQ) sənədinin müzakirəsi məqsədilə ictimai dinləmə keçirilib.
×

AZƏRTAC xəbər verir ki, tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri, ətraf mühit üzrə mütəxəssislər, media və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər.
İctimai dinləmə zamanı “Modernizasiya və yenidənqurma” layihəsi çərçivəsində görülən işlər və yeni qurğular, xüsusilə ÇSTQ-nin ekoloji və ətraf mühitə olan müsbət və potensial təsirləri, həmçinin layihənin icrasından sonra ətraf mühitin idarə edilməsi planı və keçiriləcək monitorinqlər haqqında tədbir iştirakçılarına məlumat verilib.
SOCAR-ın “Downstream Management” şirkətinin Baş direktorunun müavini, layihənin direktoru Emil Alxaslı bildirib ki, “Avro-5” standartlarına uyğun dizel və benzin istehsal edəcək qurğuların inşası uğurla, təhlükəsiz şəkildə davam etdirilir. Belə ki, layihənin hazırkı mərhələsinin sonunda NEZ-də 22 əsas texnoloji qurğunun fəaliyyəti təmin olunacaq. Bir sıra yeni və müasir tələblərə cavab verən əsas texnoloji və ümumzavod təsərrüfatı qurğuları inşa edilərək istismara veriləcək, 5 əsas qurğuda isə müəyyən bərpa işləri həyata keçiriləcək. NEZ-in ümumzavod təsərrüfatı və mövcud infrastrukturunun böyük bir hissəsi tamamilə yenilənəcək.