×
Oktyabrın 13-də Azərbaycan Milli Xalça Muzeyində YAP Səbail rayon təşkilatının dəstəyi ilə “Möhtəşəm 20 il” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra Prezident İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev partiyanın yaranma tarixindən danışıb. O, Ulu Öndər Heydər Əliyevin xalq, dövlət üçün gördüyü işlərdən bəhs edib.
M.Nağıyev bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan oktyabrın 15-də 2003-cü il prezident seçkilərindən 20 il ötür. 2018-ci ildə Prezident İlham Əliyevin qələbəsi təbii ki, son 15 ilin uğurlarına söykənmiş real amil idi. 2003-cü ildə keçirilən andiçmə mərasimində qarşıdakı illərdə görüləcək işləri açıqlayan dövlətimizin başçısı bu vədi vermişdi: “Ancaq bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”. Bu vədə sadiqlik Azərbaycanın davamlı inkişafını təmin etməklə yanaşı, İlham Əliyevin 2008, 2013 və 2018-ci illər prezident seçkilərində qələbəsini şərtləndirdi.
Daha sonra tədbirdə çıxış edən 91-lərin nümayəndəsi Şahlar Əsgərov bildirib ki, inkişafımızın təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır. “Biz güclü iqtisadiyyat qura bilmişik, bu gün heç kimdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik və iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Son 20 ilin göstəriciləri bunu əyani sübut edir”, - deyə o bildirib.
Ş. Əsgərov Azərbaycanda gənclər siyasətinin hazırda uğurla həyata keçirildiyini deyib və bundan daha səmərəli istifadə olunmasının zəruriliyini vurğulayıb.
Qeyd olunub ki, ölkəmizdə uğurlu sosial siyasətin əsas məqsədi Azərbaycanda sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir.