×
Dekabrın 27-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) 2023-cü il ərzində çap etdirdiyi nəşrlərin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan BBMM-in İcraçı direktoru Rəvan Həsənov Mərkəzin Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı kitabların çap olunmasına, BBMM-in təşkilatçılığı ilə keçirilən yerli və beynəlxalq konfransların materiallarının nəşrinə, həmçinin Azərbaycanda yaşayan etnik azlıqların dillərində kitabların hazırlanmasına xüsusi diqqət ayırdığını bildirib. O vurğulayıb ki, rəhbərlik etdiyi Mərkəz xalqımızın mədəni irsini öyrənib təbliğ etməyə çalışır.
Beynəlxalq arenada boş ifadələrlə mübarizə aparmağın çətin olduğunu deyən R.Həsənov qeyd edib ki, həqiqətləri çatdırmaq üçün elmi faktlar lazımdır. Mərkəzin çap etdirdiyi kitablara xarici ölkələrdə son ayda 7000 dəfə istinad edilib.
Diqqətə çatdırılıb ki, 2023-cü ildə BBMM tərəfindən “Həqiqətin Onomastikası – 2 : Qarabağ və Şərqi Zəngəzur”, “Həqiqətin Onomastikası” rus dilində, “Qarabağın və Şərqi Zəngəzurun Alban abidələri” kitabı ingilis dilində, “Qafqaz Diyarının Xəritəsi-1847” hərbi topoqrafik xəritəsi və izahlı kitabı, “Azərbaycan Albanşünaslığının tarixinə dair” biblioqrafiya çap olunub. Bu il “Beynəlxalq Multikulturalizm Jurnalı” adlı beynəlxalq elmi nəşrin iki sayı, Azərbaycan, ingilis rus dillərində “Qafqaz Albaniyasının etno-mədəni irsi” elmi jurnalın 4-cü buraxılışı, “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransın məqalələr toplusu ingilis dilində nəşr edilib. Azərbaycan ədəbiyyatının incilərindən sayılan “Əli və Nino” romanı tat dilinə tərcümə olunaraq işıq üzü görüb.
İcraçı direktor vurğulayıb ki, BBMM Dərbənddən Həmədana qədər böyük Azərbaycan xalqının mədəni irsini öyrənməyə çalışır.
Digər çıxış edənlər - BBMM-nin Himayəçilik Şurasının üzvü, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı, Prezidentin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, kitabxananın şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, “Qafqaz Albaniyasının etnomədəni irsi” məqalələr toplusunun elmi redaktoru, tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin Multikulturalizm Mərkəzinin direktoru, tarix elmləri doktoru professor Məhəbbət Paşayeva, “Geodeziya və Kartoqrafiya” MMC-nin direktor müavini Müqabil Bayramov, Bakı Slavyan Universitetinin “Azərbaycanşünaslıq” tədris-mədəniyyət mərkəzinin elmi işçisi Nazim Vəlişov, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı Rizvan Qarabağlı, Azəri-Tat mədəniyyət mərkəzi ictimai birliyinin sədri Elman Əhmədov, Gürcü Yəhudiləri Bakı dini icmasının nümayəndəsi Moisey Bekker, Talış icmasının ağsaqqalı İmamverdi Həmidov, Bakı Slavyan Universitetinin Multikulturalizm kafedrasının müdiri İbrahim Quliyev mərkəzin nəşrlərinin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, bu nəşrlər Azərbaycanın tarixinin, mədəniyyətinin, etnoqrafiyasının, etnik və dini müxtəlifliyinin öyrənilməsi üçün mühüm əhəmiyyət daşıyır.