Moskva meri Sergey Sobyanin idarə və müəssisə rəhbərlərinə əməkdaşların əksəriyyətini məsafədən iş rejiminə keçirməyi məsləhət görüb.
×
Moskva meri Sergey Sobyanin idarə və müəssisə rəhbərlərinə əməkdaşların əksəriyyətini məsafədən iş rejiminə keçirməyi məsləhət görüb.
AZƏRTAC xəbər verir ki, Rusiya paytaxtında koronavirus infeksiyasının yenidən sürətlə yayılması səbəbindən mer Sergey Sobyanin idarə, təşkilat və müəssisə rəhbərlərinə işçilərinin əksəriyyətini məsafədən iş rejiminə keçirməyi məsləhət görüb.
Mer, həmçinin sanitar-epidemioloji qaydalara ciddi riayət olunmasına nəzarəti gücləndirməyi, qoruyucu vasitələrdən istifadə etməyi, sosial məsafə gözləməyi tapşırıb, yaşı 65-dən yuxarı olan moskvalılara sentyabrın 28-dən məsafədən iş rejiminə keçməyi və ya məzuniyyət götürməyi, ehtiyac olmadan evlərini tərk etməməyi tövsiyə edib. O vurğulayıb ki, bu ilin yazında tətbiq olunan sərt karantin rejiminə qayıtmamaq üçün bu qaydalara mütləq riayət olunmalıdır.
Qeyd edək ki, sentyabrın 24-də Moskvada iyunun sonlarından sonra ilk dəfə bir gündə aşkar edilən COVID-19 xəstələrinin sayı 1000 nəfəri ötüb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva