Azərbaycanla Monteneqro arasında əməkdaşlıq münasibətləri inkişaf etdirilir. Ölkələrimiz arasında parlament əlaqələri də yüksək səviyyədədir.
×
Azərbaycanla Monteneqro arasında əməkdaşlıq münasibətləri inkişaf etdirilir. Ölkələrimiz arasında parlament əlaqələri də yüksək səviyyədədir. İki ölkə rəsmilərinin qarşılıqlı səfərləri əlaqələrimizin daha da dərinləşməsinə əlverişli zəmin yaradır.
AZƏRTAC xəbər verir ki, bunu Monteneqronun əmək və sosial rifah naziri Admir Adroviç martın 3-də parlamentdə Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev ilə görüşdə deyib.
Monteneqrolu nazir bildirib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, sosial sahədə də görülən işlər, aparılan islahatlar dost ölkə kimi onları çox sevindirir. Qeyd edilib ki, Azərbaycanda sosial sahədə aparılan ardıcıl islahatlar, əhalinin sosial təminatının yaxşılaşdırılması, əhaliyə göstərilən xidmətlərin keyfiyyəti onu çox məmnun edib. Nazir müavini DOST konsepsiyasının əhəmiyyətini də qeyd edib.
“Azərbaycan və Monteneqro beynəlxalq aləmdə bir-birini dəstəkləyir. Bizim əvvəllər əsasən turizm sahəsində daha sıx əməkdaşlığımız olub. Düşünürəm ki, energetika sahəsində yaxşı münasibətlər qura bilərik”, - deyə Admir Adroviç vurğulayıb.