Mayın 12-də Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Dublyajlar və Azərbaycan dili” mövzusunda tədbir keçirilib.
×
Mayın 12-də Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Dublyajlar və Azərbaycan dili” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, dublyaj filmlərində aparılan monitorinqin nəticələrinin təqdim edilməsi və mövcud sahədə boşluqların müzakirəsi məqsədilə təşkil olunan tədbirdə televiziya kanallarının dublyaja məsul nümayəndələri və bu sahədə fəaliyyət göstərən şəxslər iştirak ediblər.
Tədbiri Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva açaraq kütləvi informasiya vasitələrində ardıcıl aparılan monitorinqlər nəticəsində aşkar edilən nitq faktlarının ictimaiyyətə açıqlandığını bildirib. O, dövlət dilinin düzgün tətbiqi məqsədilə telekanallarda nümayiş olunan dublyaj filmlərinin də monitorinqlərin predmeti olduğunu deyib, mövcud sahədə nöqsanlar olduğunu deyib. Qeyd edib ki, filmlər aid olduğu xalqın dil, bədii təfəkkür və yaradıcılığını əks etdirir. Məhz bu səbəbdən tərcümə ilə məşğul olan şəxsin hər iki dili, xüsusən də dilin xüsusi qatını təşkil edən frazeoloji birləşmələri mükəmməl bilməsi, dillərin qrammatik quruluşuna dərindən bələd olması olduqca vacibdir.
Mərkəzin aparıcı mütəxəssisi Günel Hacıyeva dublyaj filmlərində bir ay müddətində aparılan monitorinqin nəticələrini təqdim edərək orfoepik, leksik və qrammatik norma pozuntularının müəyyən edildiyini, eyni zamanda, yanlış ifadələr və tərcümə zamanı üslub xətalarına geniş rast gəlindiyini bildirib. Serial və filmlərdə aşkar edilən dil faktlarını əyani şəkildə iştirakçılara təqdim edən G.Hacıyeva həmin nöqsanları geniş şərh edərək müvafiq izahını verib.
Mövcud sahədəki qüsurların müzakirəsi ilə davam edən tədbirdə telekanalların nümayəndələri və səsləndirmə prosesində yaxından iştirak edən mütəxəssislər dublyajla bağlı tələblər və tərcümə zamanı diqqət edilməsi vacib olan məqamlara aydınlıq gətiriblər. Ümumi qəbul olunmuş milli-mənəvi dəyərlərin, yaş kateqoriyasının nəzərə alınmasının zərurilyi diqqətə çatdırılaraq mükəmməl işin ərsəyə gəlməsi üçün redaktor, rejissor və aktyor əməkdaşlığının vacibliyi də vurğulanıb. Dublyajların dil məsələsinə də toxunan qonaqlar frazeoloji birləşmələrin tərcüməsinin sinxron səslənmədə yaratdığı çətinliklərdən bəhs ediblər.
Aparılan müzakirələrin yekunu olaraq dublyajlarda ədəbi dil normalarının tətbiqində boşluqların aradan qaldırılması üçün praktik təkliflər irəli sürülərək Azərbaycan dilinin düzgün tətbiqi ilə bağlı tövsiyələr verilib.