×
İşğaldan azad olunan ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları çərçivəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) gördüyü işlərlə tanışlıq üçün avqustun 23-də Ağdam rayonunun Mərzili kəndinə mediatur təşkil olunub.
Mediaturun məqsədi bu ərazilərin minalardan və partlamamış hərbi sursatlarından təmizlənməsi sahəsində FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən görülən işlərin işıqlandırılmasıdır.
AZƏRTAC xəbər verir ki, mediatur zamanı KİV nümayəndələri ərazilərin minaaxtaran itlər vasitəsilə minalardan təmizlənməsi prosesi, eləcə də bu əməliyyatların icrası zamanı istifadə edilən avadanlıqla tanış olublar.
Mina Əleyhinə Xüsusi Təyinatlı Alayın bölük komandiri Səbuhi Sarıyev media nümayəndələrinə məlumat verib.
Bildirib ki, düşmən qadağan olunmuş üsullarla ərazilərimizi minalayıb. O deyib: “Bir daha vətəndaşlarımıza müraciət edirik ki, onlar qanunsuz yollarla işğaldan azad olunan ərazilərə keçməsinlər, belə səfərlərdən çəkinsinlər. Qeyri-qanuni yollarla da həmin ərazilərə keçmək istəyən vətəndaşlarımız da var. Bərpa-quruculuq işlərində iştirak edən şəxsləri ərazilərdə ehtiyatlı olmağa, müəyyənləşdirilmiş, təmizlənmiş yollardan istifadə etməyə, xüsusi işarələnmiş zolaqlardan çıxmamağa çağırırıq. Mina və partlamamış hərbi sursatlar, əraziyə xas olmayan şübhəli əşyalar, ərazinin minalı olmasını göstərən amillər gördükdə dərhal FHN-in 112 qaynar xəttinə məlumat versinlər ki, partlayıcı qurğuların qurbanına çevrilməyək”.
Qeyd edək ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi tərəfindən işğaldan azad olunmuş ərazilərimizin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatları sürətlə davam etdirilir. Vətən müharibəsi bitdikdən sonra ərazilərin minalardan və partlamamış hərbi sursatlardan, o cümlədən partlamamış qalıqlarından təmizlənməsi əməliyyatlarına müvafiq qurumların əməkdaşları ilə yanaşı, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi də cəlb olunub. Əməliyyatlar təyin olunmuş istiqamətlər üzrə, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır. Əməkdaşlar ən müasir avadanlıqlarla təchiz olunub və bu sahədə beynəlxalq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər.
Bundan başqa, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində nazirlik tərəfindən alınan “GCS-200” markalı, kənardan idarə edilən, müasir minatəmizləyən robotlar işğaldan azad edilmiş ərazilərin piyada və tank əleyhinə minalardan təmizlənməsi işlərində istifadə olunur. Robotlar məsafədən idarəetmə pultuna malikdir. Robotlar iki kovuşdan ibarətdir - biri yumşaq torpaq səthini minalardan təmizləmək, digəri isə daşlıq əraziləri minalardan təmizləmək üçün istifadə olunur. Bir robotu idarə etmək üçün bir mexanik və iki operator olur. Robotun arxa hissəsində özünü dartma xüsusiyyəti var və robot 10 kiloqram tratil ekvivalenti gücündə partlayışa dözümlüdür. Yəni, bu tip partlayış zamanı yalnız robotun qarşısındakı hissə zədələnə bilər, digər hissələr heç bir zədə görmür.
Prosesə istehkamçılarla bərabər xüsusi təlim keçmiş itlər də qoşulub. Ərazilərin partlamamış hərbi sursatlarla çirklənmə miqyası həddindən artıq geniş olduğu üçün minaaxtaran itlərə ehtiyac yaranıb. Bu itlər çoxlusayda minaları və partlayıcı maddələri aşkarlama qabiliyyətinə malikdir.
Düşmən qadağan olunmuş üsullardan istifadə etməklə, ərazilərin minalanması zamanı heç bir standart, norma gözləməyib və ərazilər çox ciddi şəkildə minalanıb. Bütün bunlara baxmayaraq, ərazilərdə minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir.