×
Noyabrın 6-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov tədbirdə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarıldığını deyib.
Parlamentin sədrinin birinci müavini Konstitusiyamıza əsasən ölkənin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsinin, insanların rifahının yaxşılaşdırılmasının dövlətin ali məqsədlərindən olduğunu bildirib. Bununla yanaşı, Konstitusiyada dövlətin vəzifələrinin təsbit olunduğunu və onların həyata keçirilməsi üçün ölkə Prezidenti tərəfindən müəyyən edilmiş iqtisadi və sosial strategiyanın əks olunduğunu qeyd edib. Eyni zamanda, hazırda Böyük Qayıdış layihəsinin reallaşdırılmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, 2026-cı il dövlət büdcəsinin layihəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün lazımi iqtisadi və maliyyə əsaslarının təmin edildiyini söyləyib.
Sonra iclasda maliyyə naziri Sahil Babayev“ Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsini barədə məlumat verib.
Nazir əsas makroiqtisadi göstəriciləri təqdim edərək bildirib ki, 2026-cı ildə ÜDM real ifadədə 2,9 faiz artaraq 134,1 milyard manat, o cümlədən qeyri neft-qaz ÜDM-in 5,0 faiz artaraq 101,7 milyard manat təşkil edəcək. Xam neftin 1 barelinin orta illik ixrac qiyməti 65 ABŞ dollar, orta illik inflyasiya 4,8 faiz müəyyən edilib. 2026-cı il üçün dövlət borcunun proqnozunun ÜDM-də nisbəti 21,8 faiz olaraq qiymətləndirilir. Ölkənin strateji valyuta ehtiyatları 1 noyabr tarixinə 81,5 milyard ABŞ dolları həcmindədir. 2026-cı ildə Neft Fondunun gəlir və xərcləri balanslaşdırılıb və Neft Fondundan büdcəyə transfert 1 milyard ABŞ dolları həcmində azaldılıb. Ümumilikdə, dövlət büdcəsinin gəlirlərinin 57 faizi, icmal büdcənin gəlirlərinin 63 faizi qeyri neft-qaz gəlirləri hesabına təmin edilib. İcmal büdcədə növbəti ildə qeyri neft-qaz kəsirinin ÜDM-də nisbəti 19 faiz müəyyən edilib. Dövlət büdcəsinin cari xərclərinin 88 faizinin qeyri neft-qaz gəlirləri hesabına qarşılanacağı planlaşdırılır.
Sonra Sahil Babayev büdcənin xərcləri ilə bağlı məlumat verib. Deyib ki, icmal büdcə xərcləri ÜDM-in 36 faizinə, qeyri neft-qaz ÜDM-in 48 faizinə bərabər olacaq. Dövlət büdcəsinin 34 faizi investisiyayönümlü xərclərə yönəldilib. Ümumilikdə, icmal büdcənin xərcləri 48,8 milyard manat, dövlət büdcəsinin xərcləri isə 41,7 milyard manat olaraq proqnozlaşdırılır. Dövlət borcuna xidmətlə bağlı xərclər 2,5 milyard manat müəyyən edilib. Büdcənin müxtəlif istiqamətlər üzrə xərcləri barədə qeyd edilib ki, sosialyönlü xərclərə 17,1 milyard manat, təhsil sahəsində xərclər 5 milyard manat, sosial müdafiə və sosial təminat xərcləri 4.9 milyard manat, səhiyyə xərcləri dövlət büdcəsində 2 milyard manat, icmal səhiyyə xərcləri isə 3,7 milyard manat, ölkənin müdafiə və milli təhlükəsizliyi ilə bağlı xərcləri 8,7 milyard manat, iqtisadi fəaliyyət xərclərinə 7,9 milyard manat, kənd təsərrüfatı xərclərinə 1,2 milyard manat, ətraf mühitin və təbiətin mühafizəsi üzrə xərclər 420 milyon manat, beynəlxalq fəaliyyətlə bağlı xərclər 550 milyon manat məbləğində müəyyən edilib.
Büdcə gəlirləri ilə əlaqədar qeyd olunub ki, 2026-cı ildə icmal büdcənin gəlirləri 45,0 milyard manat, dövlət büdcəsinin gəlirləri isə 38,6 milyard manat təşkil edəcək. O cümlədən qeyri neft-qaz sektoru üzrə gəlirlər 22,2 milyard manat, neft-qaz sektoru üzrə gəlirlər 16,4 milyard manat, Dövlət Vergi Xidmətindən daxilolmalar 16,9 milyard manat, Dövlət Gömrük Komitəsi vasitəsilə daxilolmalar 6,9 milyard manat, büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə gəlirlər 1 milyard 21 milyon manat, sair gəlirlər 531 milyon manat, Dövlət Neft Şirkətinin dividendlərindən isə 450 milyon manat gəlir proqnozlaşdırılır. Qeyd olunub ki, dövlət büdcəsi kəsirinin yuxarı həddi 3,1 milyard manat məbləğində qiymətləndirilir.
Nazir habelə bildirib ki, 2026-cı ilin icmal büdcəsində Dövlət Neft Fondunun gəlir və xərcləri 13 milyard manat məbləğində proqnozlaşdırılır. Naxçıvan Muxtar Respublikasının gəlir və xərcləri 483 milyon manat məbləğində müəyyən olunub.
O, dövlət büdcəsinin və icmal büdcənin 2026-cı il və 2026-2029-cu illər üzrə təqdim edilmiş layihəsinin ölkənin növbəti ildə və ortamüddətli dövrdə dayanıqlı inkişafı üçün lazımi təminatlar yaratdığını bildirib.
İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Anar Axundov deyib ki, 2025-ci ilin gözlənilən artım tempi nəzərə alınmaqla 2022-2025-ci illərdə orta illik hesabla ÜDM-in 3,3 faiz artması gözlənilir. ÜDM-in artımı tamamilə qeyri-neft-qaz sektorunun inkişafı hesabına təmin olunmaqla, bu sektor üzrə ÜDM-in orta illik artımının 6,1 faiz olacağı nəzərdə tutulur. Qeyri neft-qaz sektorunda iqtisadi artımın 2,9 faiz təşkil etməsi nəticəsində ümumi iqtisadi artım 1,3 faiz olub. ÜDM-in növbəti ildə 2,9 faiz, 2026-2029-cu illərdə orta illik hesabla 3,5 faiz, qeyri-neft-qaz ÜDM-inin növbəti və ortamüddətli dövrdə isə orta illik hesabla 5 faiz ətrafında artacağı proqnozlaşdırılır.
Anar Axundov diqqətə çatdırıb ki, ölkə başçısının müvafiq Sərəncamına əsasən “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması istiqamətdə intensiv işlər görülür. Bu sənədlərin reallaşması ölkə iqtisadiyyatının mənzərəsində əhəmiyyətli dəyişikliklərə səbəb olacaq, xüsusilə prioritet sahələrdə iqtisadi artım templəri sürətlənəcək, iqtisadi artımın və məşğulluğun dayanıqlığı daha da artacaq.