×
Noyabrın 19-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov tədbirdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarıldığını deyib. O, parlamentlə hökumət arasında işgüzar münasibətlərin mövcud olduğunu, təqdim edilən büdcə sənədlərinin hər zaman yüksək keyfiyyət parametrlərinə cavab verdiyini söyləyib. Qeyd edilib ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi ölkəmizdə Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən və onun rəhbərliyi altında uğurla həyata keçirilən iqtisadi və sosial siyasət sahəsində əldə edilən nailiyyətləri özündə ehtiva edir. Büdcədə ötən müddətdə qazanılan uğurlarla yanaşı, hökumətin növbəti ildə əsas məqsəd və prioritetləri öz əksini tapır.
Əli Əhmədov vurğulayıb ki, növbəti ildə Azərbaycan Hökumətinin əsas prioritetləri ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsi, dövlət təhlükəsizliyinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurulması işlərinin miqyasının genişləndirilməsi, vətəndaşların rifah halının yaxşılaşdırılması üçün layihələrin reallaşdırılması ilə bağlıdır. O, hazırda Azərbaycanda dünyanın ən mötəbər tədbirlərindən biri kimi qiymətləndirilən COP29 konfransının keçirildiyini, bu tədbir çərçivəsində ölkəmizin öz üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirdiyini xüsusi qeyd edib.
2025-ci il dövlət büdcəsinin əsas parametrləri ilə bağlı diqqətə çatdırılıb ki, növbəti ildə dövlət büdcəsinin gəlirləri 5,3 faiz artırılaraq 38316,0 milyon manat, xərcləri isə 4,1 faiz artırılaraq 41367,6 milyon manat proqnozlaşdırılır.
Sonra iclasda maliyyə naziri Samir Şərifov “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edib. O bildirib ki, 2025-cü il üzrə dövlət və icmal büdcələrinin layihələri, sonrakı üç il üçün icmal büdcənin əsas göstəriciləri Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi ölkəmizin prioritet inkişaf istiqamətlərini, eyni zamanda, hədəfləri özündə ehtiva edir və “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğun olaraq hazırlanıb.
Büdcə-vergi siyasətinin əsas istiqamətləri ilə bağlı məlumat verilib ki, 2025-ci və sonrakı üç ili əhatə edən ortamüddətli dövr üzrə büdcə siyasətinin məqsəd, istiqamət və hədəfləri bir sıra çağırışlar nəzərə alınmaqla müəyyən edilib. Belə ki, 2025-2028-ci illər üçün Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər və 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, ölkə iqtisadiyyatına reinteqrasiyası və bu ərazilərə Böyük Qayıdışın təmin edilməsi, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı çağırışlar, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası üzrə vəzifələr diqqətdə saxlanılıb.
Diqqətə çatdırılıb ki, 2025-ci ilin dövlət büdcəsinin xərcləri 41367,6 milyon manat nəzərdə tutulur ki, bu da 2024-cü illə müqayisədə 1625,3 milyon manat və ya 4,1 faiz çoxdur. Büdcə xərclərinin 92,6 faizi və ya 38316,0 milyon manatının dövlət büdcəsinin gəlirləri hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Gəlirlərlə təmin edilməyən xərclər 3052,0 milyon manat təşkil edəcək.
Nazir bildirib ki, növbəti il “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üçün 4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Ölkənin milli təhlükəsizliyinin və müdafiə potensialının gücləndirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması üçün büdcə xərclərinin 20,3 faizi və ya 8396,0 milyon manat vəsait proqnozlaşdırılır.
Qeyd edilib ki, 2025-ci ildə də sosialyönümlü xərclər prioritet təşkil edəcək. Növbəti ilin dövlət büdcəsində bu xərclər 16909,7 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2024-cü illə müqayisədə 1370,0 milyon manat və ya 8,8 faiz çoxdur. Əməkhaqqı, pensiya və sosial müavinətlər, ünvanlı sosial yardım və təqaüd xərcləri üzrə minimum əməkhaqqı, minimum pensiya, minimum ehtiyac meyarı, yaşayış minimumunun artımları üçün müvafiq məbləğdə vəsait nəzərdə tutulub. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş sosialyönümlü tədbirlərin maliyyələşdirilməsi üçün 893,0 milyon manat, investisiya yönlü layihələrin həyata keçirilməsi üçün 1100,0 milyon manat, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üzrə dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası üçün 150,0 milyon manatın ayrılması nəzərdə tutulub.