×
Sentyabrın 21-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında XIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Milli musiqi xəzinəmizdən” layihəsi əsasında son iki ildə nəşr olunmuş Azərbaycan bəstəkarlarının not məcmuələrinin (cəmi 40 məcmuə) təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimi Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış edərək layihə haqqında məlumat verib. Vurğulayıb ki, layihə çərçivəsində Milli Kitabxana görkəmli Azərbaycan bəstəkarlarının ötən əsr ərzində çap olunan və hazırda kitabxananın Arxiv Fondunda mühafizə saxlanılan nadir not məcmuələrini yenidən nəşr edərək mütəxəssislərin, musiqi və incəsənət məktəblərinin müəllimlərinin və şagirdlərinin istifadəsinə təqdim edir. “Kitabxana bu günədək həmin seriyadan görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Əfrasiyab Bədəlbəylinin, Azər Rzayevin, Elmira Nəzirovanın, Asya Sultanovanın, Niyazinin, Musa Mirzəyevin, Oqtay Rəcəbovun və başqalarının fortepiano üçün not əsərlərini ayrı-ayrı məcmuələr şəklində nəşr edərək musiqi ictimaiyyətinə təqdim edib”.
Ümumilikdə kitabxananın not məcmuələrinin toplanması və çap edilməsi istiqamətində görülən işlərin davam edəcəyini qeyd edən K.Tahirov belə təqdimatların gələcəkdə də reallaşdırılacağını vurğulayıb. “Bu gün demək olar ki, müxtəlif musiqi janrı haqqında kitabxananın saytından məlumat əldə etmək mümkündür. Bu sahədə tədqiqat işlərinin aparılması, müəyyən faktların toplanması üçün müvafiq elektron portaldan istifadə etmək olar”, - deyə K.Tahirov vurğulayıb.
Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Maarifli çıxış edərək not məcmuələrin ərsəyə gəlməsini yüksək qiymətləndirib, bu sahədə zəhməti olan hər kəsə təşəkkür edib: “Belə layihələrlə Azərbaycan musiqi mədəniyyəti geniş auditoriyaya çatdırılır. Düşünürəm ki, görülən iş bütün musiqi məktəbləri üçün çox gözəl ərməğandır”, -deyə nazirliyin şöbə müdiri bildirib.
Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət xadimi Zemfira Qafarova, Xalq artisti Sərdar Fərəcov, Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin rektoru, professor Nazim Kazımov, Milli Konservatoriyanın prorektoru, professor Lalə Hüseynova, Bakı Musiqi Akademiyasının prorektoru, professor Nərminə Quliyeva və başqaları çıxış edərək layihənin əhəmiyyətini vurğulayıb, bu işdə zəhməti olan hər kəsə təşəkkür ediblər.
Tədbirdə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Milli musiqi xəzinəmizdən” adlı virtual sərgi də nümayiş olunub.