Dövlət Komitəsi artıq üçüncü dəfədir məscidlərimizdə vakant yerlərə müsahibə elan edir. Budəfəki müsahibədə altı qadın dini ayin icraçısı vəzifəsi vakansiyaya çıxarılıb.
×
Dövlət Komitəsi artıq üçüncü dəfədir məscidlərimizdə vakant yerlərə müsahibə elan edir. Budəfəki müsahibədə altı qadın dini ayin icraçısı vəzifəsi vakansiyaya çıxarılıb. Altı vakansiyaya ümumilikdə 113 xanım sənəd verib. Ötən həftə artıq qadın dini ayinlərin icraçısı üçün sənəd vermiş xanımların müsahibəsi yekunlaşıb. Altı vakansiyaya 23 qadın müsahibədən uğurla keçib. Yaxın bir ay ərzində həmin 23 qadın dini ayinlərin icraçısının arasından altı vakansiya üzrə namizədlər seçilərək təyinat alacaqlar. Hazırda isə sentyabrın 19-dək 13 vakansiya üzrə müsahibəyə çıxarılmış imam və imam müavini vəzifələrinə namizədlərin seçiminə başlamışıq. Ümumilikdə 283 sənəd verilib. Bunlardan 113-ü xanım, yerdə qalanlar isə kişi namizədlərdir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov söyləyib.
“Ötən illərin müsahibələrinin nəticələri onu deməyə əsas verir ki, biz müsahibədən uğurla keçmiş namizədlərin demək olar hamısına müəyyən vəzifələr təklif etmişik. Müsahibədə namizədin “Qurani-Kərim”lə bağlı bilikləri, dini bilikləri, yəni, hədis, təfsir, şəriət, İslam hüququ ilə bağlı mövzuları nəzərdə tuturuq. Eyni zamanda, namizədin dünyagörüşü, Azərbaycan tarixi ilə bağlı mövzular, müasir dini məsələlər, multikulturalizm, tolerantlıq, dil bilikləri də yoxlanılır”, - deyə sədr müavini diqqətə çatdırıb.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) imam və imam müavini vakansiyaları üzrə vakant vəzifələrin tutulması üçün 180 nəfər namizəd arasında müsahibə mərhələsi keçirilir.