×
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) filiallarından biri də Xaçmaz rayonunda fəaliyyət göstərir. “Azərxalça” ASC tərəfindən təşkil olunan mediaturun iştirakçıları Xaçmaz filialında da olublar.
AZƏRTAC xəbər verir ki, "Azərxalça" ASC-nin Xaçmaz filialı 2018-ci il mayın 4-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Burada, əsasən, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərində toxunan tarixi və orijinal xalça çeşniləri əsasında xalçaların toxunmasına üstünlük verilir. Həmin çeşnilər qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanır.
Filialın direktoru Səlimə Hacıyeva emalatxananın fəaliyyəti ilə bağlı məlumat verib. Bildirib ki, ümumi sahəsi 1252,9 kvadratmetr olan filialın binası 0,37 hektar sahədə yerləşir. 48 toxucusu olan filialda hazırda 43 dəzgah var və onlardan yalnız 16-sı işlək vəziyyətdədir. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və sair bölmələrdən ibarətdir. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Toxucular Xaçmaz rayonunun ayrı-ayrı kəndlərinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Burada toxunan xalçalarda hər naxışın öz mənası var. Burada ən çox Quba bölgəsinə xas olan həndəsi elementlərdən istifadə olunur.
Diqqətə çatdırıb ki, xalçaçılığa maraq olduqca yüksəkdir. Ancaq pandemiya ilə əlaqədar olaraq işçilərin sayı azaldılsa da yaxın zamanlarda filialın ştat cədvəli artırılacaq və filiala yeni işçilər cəlb olunacaq
Qeyd edək ki, Azərbaycanda xalça toxuculuğu tətbiqi sənət növünün ən qədim sahələrindən biri hesab edilir. Ölkə ərazisində aparılan arxeoloji qazıntılar və yazılı mənbələrə görə, Azərbaycanda xalça toxuculuğu tunc dövründə, yəni, 5 min il bundan əvvəl meydana gəlib. Azərbaycan xalçası boyalarının tükənməz zənginliyi, naxışlarının təkraredilməz qovuşuğu, yaradıcılıq təxəyyülünün gücü və yüksək sənətkarlığı ilə fərqlənir.
Xalçalarımız dünyanın ən məşhur muzeylərini bəzəyir. Xalçaçılıq böyük mədəniyyətə və qədim tarixi ənənələrə malik xalqlara məxsus sənətdir. Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ, Təbriz xalçaçılıq məktəbləri bütün dünyada məşhurdur. Bu zonalarda toxunan xalçalar ilmələrinin sıxlığına, rəng çalarlarına, üz ipliyinin xovuna, toxunuşuna və ornamentlərinə görə seçilir. Hazırda Azərbaycan xalça sənəti özünün əsl dirçəliş dövrünü yaşayır.