×
Noyabrın 8-də COP29 Azərbaycan Əməliyyat Şirkətində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov media qurumlarının rəhbərləri və nümayəndələri ilə görüş keçirib.
AZƏRTAC xəbər verir ki, görüşdə görülmüş işlərlə bağlı məlumat verilib. Hazırlıq işlərinin yüz faiz tamamlandığını söyləyən Prezidentin köməkçisi qeyd edib ki, indiyədək COP29-da iştirak üçün 67 min nəfər qeydiyyatdan keçib.
Görüşdən sonra COP29 iqlim konfransına hazırlıq işləri ilə yerli media qurumlarını tanış etmək məqsədilə konfrans məkanı olan Olimpiya Stadionuna mediatur təşkil edilib. Mediaturda Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, COP29 Təşkilat Komitəsinin üzvü Anar Ələkbərov, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, eləcə də Əməliyyat Şirkətinin müvafiq departamentlərinin rəhbərləri iştirak ediblər.
Media nümayəndələrinin, o cümlədən teleradio şirkətlərinin, informasiya agentliklərinin və xəbər saytlarının rəhbərlərinin də qatıldıqları mediaturda COP29-a hazırlıq çərçivəsində görülən yekun işlər barədə ətraflı məlumat verilib.
Media nümayəndələri tədbir məkanının konfransa hazırlıq vəziyyətinə gətirilməsi istiqamətində görülmüş işlər barədə geniş məlumatlandırılıb. Bildirilib ki, ərazi üzrə ümumilikdə 155 pavilyon quraşdırılıb. Həmin pavilyonlarda çoxsaylı sərgilər nəzərdə tutulub.
İştirakçılar məkanda yaradılmış ərazisi 450 kvadratmetr olan Azərbaycan pavilyonuna da baxış keçiriliblər. Bildirilib ki, burada gün ərzində onlarla tədbirin keçirilməsi nəzərdə tutulub.
Media qurumlarının rəhbərləri və jurnalistlər konfransın keçiriləcəyi Olimpiya Stadionunun həm Mavi, həm də Yaşıl zonalarına baş çəkməklə tədbir məkanında yaradılmış infrastruktur, təmin edilən texnologiyalar, müxtəlif təyinatlı zona və məkanlarla tanış olublar. Qonaqlar konfransın gedişində media nümayəndələrinin səmərəli işinin təşkili üçün tələb olunan şəraitin yaradıldığı Media Mərkəzinə də baxış keçiriblər. Bildirilib ki, Liderlər Sammitinin keçiriləcəyi Nizami zalında eyni vaxtda 1600 nəfər iştirak edə biləcək.
Bundan başqa, COP29 dövründə istifadə ediləcək nəqliyyat vasitələri təqdim olunub. Ümumilikdə 500 avtomobil istifadə ediləcək, onlardan 210-u Liderlər Sammiti üçün cəlb olunacaq. Eyni zamanda, 140 elektrik avtobusundan istifadə ediləcək.
Məkanla tanışlıq zamanı COP29 Könüllüləri ilə də görüş olub.