×
Oktyabrın 23-də Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, parlamentin sədri Sahibə Qafarova əvvəlcə başçılıq etdiyi Milli Məclis nümayəndə heyətinin Qırğız Respublikasına səfəri barədə danışıb.
Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb.
Bildirilib ki, Ermənistan rəhbərliyinin ziddiyyətli bəyanatları sülh prosesinə ciddi maneə törədir. Ermənistan tərəfinin sülh gündəliyi ilə bağlı nümayiş etdirdiyi qeyri-ardıcıl mövqe, rəsmi İrəvanın regional sabitliyə qeyri-ciddi yanaşdığını göstərir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi bəyanatlarında vurğulandığı kimi, Ermənistandan süni şəkildə "sülh göyərçini" yaratmaq istəyənlər bu ziddiyyətli mənzərəni düzgün qiymətləndirməlidirlər. Dövlət başçımızın "Ermənistanla sülh kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" xəbərdarlığı İrəvanın qeyri-konstruktiv addımlarına qarşı verilmiş ciddi bir siqnaldır.
Çıxışlarda bir sıra digər aktual mövzulara dair fikirlər də səsləndirilib.
Milli Məclisin sədri iclasın gündəliyində 12 məsələnin yer aldığını söyləyib. O qeyd edib ki, gündəliyin birinci məsələsi Hesablama Palatası auditorunun təyin edilməsi haqqında qərar layihəsidir.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Milli Məclis sədrinin təqdimatı əsasında Hafiz Mahir oğlu İsmayılbəylinin Hesablama Palatasının auditoru vəzifəsinə yenidən təyin edilməsi məsələsinə rəhbərlik etdiyi komitədə baxıldığını və müsbət rəy verildiyini söyləyib.
H.M.İsmayılbəylinin Hesablama Palatasının auditoru təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Parlamentin sədri növbəti məsələnin “Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”nin təsdiq edilməsi haqqında qanun layihəsi olduğunu deyib. O, beynəlxalq sənədlə bağlı olduğuna görə bu layihənin "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələbinə uyqun olaraq bir oxunuşda qəbul ediləcəyini söyləyib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov məsələ barədə məlumat verərək bildirib ki, qanun layihəsi ilə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 2023-cü il 20 noyabr - 15 dekabr tarixlərində Dubay şəhərində keçirilmiş Ümumdünya Radiorabitə Konfransının Yekun Aktları ilə qəbul olunmuş "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə təsdiq edilməsi nəzərdə tutulur.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Milli Məclisin sədri növbəti 2 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu deyib.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsindən (üçüncü oxunuş) bəhs edib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Gündəliyin digər 3 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğu bildirilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Əmək Məcəlləsində və “Aviasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsindən (ikinci oxunuş) danışıb. Qeyd olunub ki, qanun layihəsi hava gəmisi heyətinin iş və istirahət vaxtının, eləcə də uçuş vaxtının daha çevik tənzimlənməsinə və bu sahədə beynəlxalq təcrübəyə uyğunlaşmaya xidmət edir.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Texniki tənzimləmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Sənəddə insanların həyat və sağlamlığı üçün təhlükə yaratdığı hallarda texniki tənzimləmənin şamil olunduğu malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi qaydalarının müəyyən edilməsinin hüquqi əsasının yaradılması məqsədilə müvafiq dəyişikliklərin nəzərdə tutulduğu söylənilib.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb.
Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
S.Qafarova bildirib ki, gündəliyin növbəti beş məsələsi birinci oxunuşda olan qanun layihələridir. O, səkkizinci məsələ - “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat vermək üçün Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyevə söz verib.
Komitə sədri diqqətə çatdırıb ki, qanun layihəsi hərbi qulluqçuların hərbi rütbələrdə olma müddətinin tənzimlənməsi qaydalarının təkmilləşdirilməsi, habelə zabitlərin əlavə ali təhsil almasının və elmi fəaliyyətinin stimullaşdırılması məqsədi daşıyır.
Qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Sonra parlamentin sədri bildirib ki, növbəti iki məsələ mahiyyətcə bir-birinə yaxın qanun layihələridir və Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub. O bildirib ki, müzakirə olunan məsələlərlə bağlı kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev və nazirliyin Hüquq şöbəsinin müdiri Yaşar Abdullayev də iclasda iştirak edirlər. Təklifə əsasən, qanun layihələrinin təqdimatları və müzakirələri birlikdə, səsvermələri isə ayrı-ayrılıqda keçirilib.
Beləliklə, gündəliyin doqquzuncu məsələsi olan “Aqrar sahə haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumatı Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev təqdim edib.
Komitə sədri aqrar sektorun ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında və iqtisadi inkişafında mühüm rolunu vurğulayaraq Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında bu sahənin inkişafı ilə bağlı səsləndirdiyi fikirləri xatırladıb
O, həmçinin gündəliyin onuncu məsələsi olan Mülki Məcəllədə, “Kredit ittifaqları haqqında”, “Büdcə sistemi haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı da məlumat verib. Bildirib ki, sənəd "Aqrar sahə haqqında" yeni qanun layihəsindən irəli gələrək hazırlanıb və onun normalarının, o cümlədən həmin qanunda istifadə olunan anlayışların müvafiq sahəvi qanunlarda əks etdirilməsi məqsədi daşıyır.
Hər iki qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Parlamentin sədri bildirib ki, gündəliyin sonuncu iki məsələsi də mahiyyətcə bir-birinə yaxın qanun layihələridir və Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub.
“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi (birinci oxunuş) barədə Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məlumat verib. Komitə sədri bildirib ki, layihə aqrar sahədə yeni maliyyələşmə mexanizmi kimi məhsul şəhadətnaməsinin tətbiqi məqsədilə hazırlanıb.
On ikinci məsələ - Mülki Məcəllədə və “İcra haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Komitə sədri bildirib ki, dəyişikliklər “Məhsul şəhadətnaməsi haqqında” yeni qanun layihəsindən irəli gələrək hazırlanıb.
Qanun layihələri birinci oxunuşda qəbul edilib.