2020-ci ildə noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra baş vermiş 201 mina partlayışı hadisəsindən 142-si keçmiş təmas xəttinə yaxın ərazilərdə olub.
×
2020-ci ildə noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra baş vermiş 201 mina partlayışı hadisəsindən 142-si keçmiş təmas xəttinə yaxın ərazilərdə olub. Nəticədə 65 nəfər həlak olub, 276 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 27-də “Azərbaycanda minalar və partlamamış hərbi sursatlar probleminin həllinə yönəlmiş tədqiqata əsaslanan hesabatın hazırlanması, minaların və partlamamış hərbi sursatların qurbanlara və icmalara təsirinin öyrənilməsi” adlı layihə çərçivəsində “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanmış hesabatın təqdimatı ilə əlaqədar mətbuat konfransında layihə rəhbəri Hafiz Səfixanov bildirib.
O deyib ki, Kanadanın Azərbaycandakı səfirliyinin “Yerli təşəbbüslər üçün Kanada Fondu” proqramı çərçivəsində maliyyələşdirilən layihənin məqsədi ölkəmizin bütün ərazisində, xüsusilə də işğaldan azad edilmiş torpaqlarda minalar və partlamamış hərbi sursat problemi ilə bağlı təhqiqatlar apararaq hesabat hazırlamaq, geniş ictimaiyyət arasında məlumatlılığın artırılması, minalar və partlamamış hərbi sursatların qurbanlara və icmalara təsirinin öyrənilməsi olub.
Konfransda minaların ekologiyaya, o cümlədən faunaya və floraya təsiri, minalara qarşı fəaliyyətə ictimai yanaşma kimi məsələlərdən, həmçinin mina xəritələrinin təhvil verilməsi və postmüharibə dövründə minaların təmizlənməsi prosesindən söz açılıb.
Bildirilib ki, postmüharibə dövründə təmizləmə əməliyyatları zamanı ümumilikdə 111 min 827 mina zərərsizləşdirilib.