×
Müsabiqədən keçə bilməmişdi, kəndə qayıtmağa da utanırdı...
Düşüncələr içində Bakı bulvarında gəzişirdi. Təsadüfən həmin vaxt əslən Qazax rayonundan olsa da, Ağdamda Atçılıq zavodunda məşqçi işləyən Cəlal Tağıyevlə rastlaşır. Onun yaşadığı Kosalar kəndi Eyvazalılar kəndindəki Atçılıq zavodunun yaxınlığında yerləşdiyindən Cəlal Rasimi tanıyırdı. Rasim kəndə ən şıltaq, “ipə-sapa yatmayan” atları ram etməkdə, onları çapmaqda mahir idi. Onu rayondan tanıyan Cəlal ali məktəbə qəbul ola bilməməyin narahatlığını yaşayan Rasim Abbasovu Bakıda hippodromda mehtər işləməyə dəvət edir. Məşqçinin təklifi ilə ilyarım Bakıdakı Cıdır meydanında işləyir. O, burada çox sürətli və cıdır yarışlarının qalibi olan “Subbota” adlı ata qulluq edirdi. Həmin atın qardaşı “Teymur” ovaxtkı sovet rəhbəri Nikita Xruşovun adından ingilis Kraliçasının oğluna hədiyyə göndərilmişdi.
“Bir müddət sonra mənim hərbi xidmətə yola düşmək vaxtım çatdı. Öz arzumla hərbi xidmətimi dəniz qoşunlarında keçmək istədiyimi bildirim”, - deyə Rasim Abbasov xəyalən 1958-ci ilə qayıdır: “Dəniz qoşunlarına ən cüssəli çağırışçıları seçirdilər, mənim boy-buxunum da həmin standartlara uyğun gəldiyindən qəbul etdilər. Hərbi xidmətim Kalininqrad şəhərində dənizçilik məktəbində başladı. Altı ay təlim keçəndən sonra bir gün Dənizçilik Məktəbinin rəisi, polkovnik Oleq Zuyev məni otağına çağırıb söhbət etdi. O, Azərbaycandan olduğumu biləndə dedi ki, mən Zığda peşə məktəbində oxumuşam, dörd il azərbaycanlılarla dostluq etmişəm, onlar çox alicənab və mərd olurlar. Bu hadisədən üç ay sonra onu Hərbi Dəniz Donanmasında xüsusi xidmətə qəbul etdilər. O, gedəndə özü ilə üç matros – bir rus, biri ukraynalı və məni apardı. “Uspeşnı” gəmisində bizə kayut ayırdılar. Bir gün gəmidə hərbi həyəcan siqnalı verildi və göyərtədə cərgəyə düzüldük. Ovaxtkı sovet rəhbəri Nikita Sergeyeviç Xruşov dənizçiləri salamlayaraq “Baltik” gəmisinə keçdi. Admiral bizim olduğumuz gəmidə idi. Gəmilər hərəkətə gəlib La-manş boğazınadək getdi, bir neçə gün hərəkət edib Atlantik okeanının ortalarına qədər onu müşayiət etdik, sonra sualtı gəmilər gəldi və Xruşov göyərtəyə çıxıb onu müşayiət edən matroslara əl elədi, gəmi komandiri göyərtəyə qalxıb səsgücləndirici ilə onun adından bizə təşəkkür etdi və sentyabrın 9-da geri qayıtdıq. Oradaca bizə elan etdilər ki, sovet rəhbəri gəminin bütün heyətinə onun adından Fəxri Fərman verilməsini tapşırıb. Gəmidə olan bütün hərbçilərə Fəxri Fərman verildi”.
Keçmiş matros həmin hərbi hissədə xidmət edən yeganə azərbaycanlı olub. O, AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, bundan bir neçə ay sonra hərbi xidmətini Qara Dəniz Hərbi Donanmasındakı “Orconikidze” kreyserində davam etdirib: “Bu, İkinci Dünya müharibəsindən sonra istehsal olunan ilk kreyser idi, ondan sonra “Moskva”, daha sonra isə “Kutuzov” kreyserləri buraxılmışdı. Yeri gəlmişkən qeyd edək ki, “Moskva” kreyseri bu yaxınlarda Rusiya-Ukrayna müharibəsi zamanı sıradan çıxarıldı”.
Rasim Abbasov deyib: “Orconikidze” kreyseri Sevastopolda Qara dəniz sahillərində xidmət edirdi. Kalininqraddan bizi Avropa yolu ilə Sevastopola gətirdilər. Təxminən altı ay sonra həmin kreyserlə bizi Sakit okeana apardılar. Məlum oldu ki, təyyarə ilə Cakartaya gedən sovet lideri Nikita Xruşovun ada dövlətləri rəhbərləri ilə görüşündə Qara Dəniz Hərbi Donanmasının xüsusi xidmət matrosları öz funksiyalarını yerinə yetirəcəklər. Qara dənizdən Bosfor boğazına, oradan Dardenel boğazı vasitəsilə Süveyş kanalına üzdük, Atlantik okeanı ilə üzüb Sakit okeana keçdik. Sakit okeanda bir maraqlı hadisə heç vaxt yadımdan çıxmır. Dənizçilər arasında belə bir ənənə var. Əfsanəyə görə, Ekvator xəttini keçəndə su Allahı Neptun onlara xeyir-dua verməlidir. Ekvator xəttini keçəndə gəmidə olanların hamısı məcburi və ya könüllü qaydada suya girməlidir. Bizim gəmi heyəti də həmin qaydaya əməl etdi.
Nəhayət, uzun səfərdən sonra Yava adasına gəlib çıxdıq. İndoneziyanın paytaxtı Cakartada Nikita Sergeyeviç əvvəlcə prezident Hacı Mühəmməd Suxarto ilə görüşdü və bundan sonra adada olduğu təxminən səkkiz gün ərzində sovet lideri hər gün kreyserdəki kayutda bir neçə ada dövlətinin rəhbərləri ilə görüş keçirdi. Rəsmi görüşlərin keçirildiyi səkkiz gün ərzində hər gün onu görürdük. O, kreyserdə həmişə admiralla birlikdə olurdu. Sovet rəhbəri hər gün matrosların düzüldüyü sıranın qarşısından keçirdi. Adətən o rəsmi görüş keçirmədiyi günlərdə çox sərbəst, yaxası-başı açıq vəziyyətdə olurdu. Hətta arada göyərtəyə qalxıb mahnı oxuyur, musiqi sədaları altında rəqs edirdi. Bir dəfə sıra baxışının qarşısından keçərkən bir neçə matrosa əl verib görüşdü. Növbə mənə çatanda o, haradan olmağımla maraqlandı. Mən Azərbaycandan olduğunu və vaxtilə bəslədiyim atın qardaşının onun adından İngiltərə Kraliçasının oğluna bağışlanıldığını dedim. Hərbi xidmətim müddətində isə Amerikaya səfəri zamanı onu müşayiət edən gəmidə olduğumu söylədim. Sovet rəhbərinə dedim ki, bu, artıq sizinlə ikinci səfərimdir. O, çox məmnun halda bir daha mənim əlimi sıxdı və minnətdarlıq hissi ilə kürəyimə vurdu.
Xruşov görüşlərini başa vurandan sonra bizim gəldiyimiz “Orconikidze” kreyserini İndoneziya dövlətinə bağışladı. Ona görə 150 nəfər matrosu geri qaytarmaq üçün Vladivostokdan “Yakutiya” gəmisi göndərildi və həmin gəmi ilə Vladivostoka gəldik. Nümunəvi xidmətə görə matroslardan bir neçəsinə Fəxri Fərman və təşəkkürnamələr, mənə isə on günlük məzuniyyət verildi”.
Məzuniyyətdən sonrakı hərbi xidmətini Qara Dəniz Hərbi Donanmasındakı “Kutuzov” gəmisində davam etdirən Rasim Abbasova həmin müddətdə SSRİ müdafiə naziri Andey Qreçko və Bolqarıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Todor Jivkovu da görmək müyəssər olub.
1958-1961-ci illərdə Sovet Hərbi Dəniz Donanmasında qulluq edən keçmiş matros hərdən əsgərlik illərinin şəkilləri ilə dolu olan albomunu vərəqləyir və xəyalən o illərə qayıdır. Üstündən 65 ilə yaxın vaxt keçsə də, həmin görüş və təəssüratların hər biri onun yaddaşında unudulmaz bir xatirə kimi yaşayır...