Azərbaycanda "Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun qəbulundan üç il keçib, bu müddət ərzində ölkədə xeyli iş görülüb.
×
Azərbaycanda "Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun qəbulundan üç il keçib, bu müddət ərzində ölkədə xeyli iş görülüb. Bu Qanunun icrası prosesində, Avropa İttifaqı ilə Avropa Şurasının “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi çərçivəsində qadınlara qarşı və məişət zorakılığı ilə bağlı qanunvericilik bazası təhlil edilib, mövcud boşluqlar müəyyənləşib. Ötən müddət ərzində Azərbaycanda məişət zorakılığına qarşı ciddi işlər görülüb. Bu sahədə nəzərdə tutulan bir sıra məsələlər artıq öz müsbət nəticəsini göstərir. Layihə çərçivəsində görülən işlər bu sahədəki vəziyyətə xeyli töhfə verib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova fevralın 22-də keçirilən “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı işləri üzrə mühafizə orderləri: beynəlxalq standartlar və Azərbaycanın milli təcrübəsi” hesabatının təqdimatı mövzusunda yekun konfransda deyib.
Komitə sədri bildirib ki, ölkəmizdə mühafizə orderlərinin tətbiqi ilə bağlı müəyyən çətinliklər var. Bu da mühafizə orderi məsələsinin düzgün dərk edilməməsi və onun tətbiqi sahəsində nöqsanlarla bağlıdır. Bir qayda olaraq qısamüddətli mühafizə verilir, təhlükə davam etdikcə uzunmüddətli mühafizə orderlərinin verilməsi gecikir. Bununla bağlı təkliflər paketi hazırlanıb. Bura zərərçəkmiş şəxslərin müdafiəsi üzə çevik və adekvat mühafizə mexanizminin yaradılması, pulsuz hüquqi yardım verilməsi daxildir.