×
Aprelin 2-də Azərbaycan Hərb Tarixi Muzeyində “1993-cü ilin mart-aprel aylarında 701 saylı hərbi hissənin helekopterçiləri və könüllüləri Kəlbəcərin müdafiəsində" adlı elmi seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyinin idarə və müəssisələrinin, veteran təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla anılıb.
Vətən Müharibəsi İctimai Birliyinin Kəlbəcər rayon şöbəsinin sədri Ramiz Əliyevin, Xüsusi təyinatlı şəhid kapitan Türkay Hüseynlinin atası şair Nizami Hüseynovun, Abşeron rayon Veteranlar Şurasının sədr müavini Sahib Əsgərovun, Daxili İşlər Nazirliyinin əməkdaşı Mehriban Abdullayevanın, Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin sədr müavini Nizami Abbasovun, 701 saylı hərbi hissənin sabiq qərargah rəisi Aydın Şiriyevin və digərlərinin çıxışları dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb.
Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə tədbirdə çıxış edərək 701 saylı hərbi hissənin helekopterçiləri və könüllülərinin Kəlbəcərin müdafiəsi zamanı göstərdikləri qəhrəmanlıqlar və döyüş yolundan bəhs edib. O bildirib ki, 1993-cü ildə ermənilər tərəfindən Kəlbəcər rayonunun işğalı daha əvvəllər olduğu kimi ağrılarla yad edilmir. Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tutarlı Zəfər çaldı. 1993-cü ildə Kəlbəcərin müdafiəsi zamanı mərd hərbçilərin, cəsur helikopterçilərin və kəlbəcərli igidlərin göstərdiyi qəhrəmanlıq nümunələri mülki əhalini soyqırımı təhlükəsindən xilas etmişdi.
Diqqətə çatdırılıb ki, Kəlbəcərin işğalının obyektiv səbəblərinin təhlili əsl həqiqətləri ortaya qoyur. 1993-cü il mart-aprel aylarında Ermənistanla Dağlıq Qarabağ arasında mühasirə şəraitində düşmənlə üz-üzə qalan Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri və Qarabağda olan separatçı qüvvələr tərəfindən işğal olundu. 60 min dinc əhali öz doğma torpağından didərgin salındı. Onlarla günahsız mülki şəxs öldürüldü, itkin düşdü. Kəlbəcərlilərin xilasına özünü çatdıran 701 saylı hərbi hissə və yerli könüllü döyüşçülər qeyri-bərabər savaşda qəhrəmanlıq göstərdilər.
Düşmən Kəlbəcərin mülki əhalisini ələ keçirsəydi, misilsiz qətliam baş verə bilərdi. Bəlkə də, Xocalı faciəsindən daha dəhşətli soyqırımına məruz qalardı. Laçın rayonundan Kəlbəcər rayonuna özünü çatdıran 701 saylı hərbi hissənin 2 taboru, Kəlbəcər könüllüləri, həmçinin ön atəş xəttinə gətirilən əsgərlər qəhrəmanlıq göstərərək yerli əhaliyə xilas olmaq imkanı yaratdılar.
Xatırladılıb ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.
Tədbirin sonunda sənədli film və hərbi-vətənpərvərliklə bağlı mahnılar səsləndirilib.