Türk Dövlətləri Təşkilatının çətiri altında bütün sahələrdə olduğu kimi, media sahəsində də dərin və geniş inteqrasiya prosesləri baş verir.
×
Türk Dövlətləri Təşkilatının çətiri altında bütün sahələrdə olduğu kimi, media sahəsində də dərin və geniş inteqrasiya prosesləri baş verir. Təşkilata üzv ölkələrin müvafiq strukturları, media qurumları və təşkilatları arasında onlarla memorandumlar imzalanıb, çoxsaylı müxtəlif konfrans və tədbirlər, qarşılıqlı təcrübə mübadiləsi səfərləri təşkil olunub və olunmaqdadır.
AZƏRTAC xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Audiovizual media üzrə Tənzimləyici Orqanlarının 1-ci Toplantısında Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov deyib.
İsmət Səttarov qeyd edib ki, Türk Dövlətlərinin Audiovizual Media Tənzimləyicilərinin Forumunun yaradılması ideyası yeni deyil. Bu ideya ilk dəfə 2017-ci ildə Van şəhərində keçirilən görüşdə qardaş Türkiyənin tənzimləyici qurumu olan RTÜK tərəfindən irəli sürülüb. Lakin regionda baş verən proseslər, habelə 2020-ci ildən dünyanı cənginə alan pandemiya bu məsələnin inkişafı prosesini ləngidib.
Azərbaycanla Türkiyə arasında media sahəsində Əməkdaşlıq Memorandumunun imzalanması və Birgə Media Platformasının yaradılmasından sonra ötən il Audiovizual Şura bu ideyanın inkişaf etdirilərək yenidən gündəmə gətirilməsinə nail olub.
“Əminəm ki, Türk Dövlətləri Təşkilatının Katibliyinin səyləri ilə türk dövlətlərinin audiovizual media tənzimləyicilərinin sıx koordinasiyası ölkələrimizdə cərəyan edən inteqrasiya proseslərinin gedişi zamanı qarşıya çıxan çoxsaylı məsələlərin həllinə və cəmiyyətlərimiz arasında ümumi media platformasının inkişafına yardım edəcək”, - deyə Şuranın sədri vurğulayıb.