Oktyabrın 4-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnsan alverinə qarşı mübarizə üzrə fəaliyyət” layihəsi çərçivəsində “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın reallaşdırılmasını müzakirə etmək üçün dəyirmi masa təşkil olunub.
×

AZƏRTAC xəbər verir ki, tədbirdə müvafiq dövlət qurumlarının, USAID, insan alveri ilə mübarizə sahəsində çalışan digər aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edirlər.
Dəyirmi masanın açılış mərasimində BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev, Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov və USAID-in Azərbaycan üzrə missiyasının rəhbəri Maykl Nehrbass çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüb, insan alverinə qarşı mübarizədə dövlət qurumlarının və beynəlxalq təşkilatların əməkdaşlıq məsələlərindən, bu istiqamətdə görülən tədbirlərdən danışıblar.
Sonra Milli Fəaliyyət Planının növbəti iki il üzrə icrasının prioritet sahələrin müəyyənləşdirilməsi üzrə məsələlər müzakirə edilib.
Qeyd edək ki, BMqT tərəfindən həyata keçirilən layihə Azərbaycan hökumətinə və QHT-lərə insan alverinin və məcburi əməyin qarşısının alınması və onunla mübarizədə, o cümlədən gender əsaslı zorakılığın aradan qaldırılmasında səmərəliliyin daha da artırılmasında kömək edir. Buraya insan alveri və məcburi əməyin potensial və faktiki qurbanlarına kömək edən sığınacaqları idarə edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki və maliyyə dəstəyi daxildir.
Xatırladaq ki, 2020-ci il iyulun 22-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb