On bir il bundan əvvəl 2012-ci ildə Prezident İlham Əliyev idarəetmə sahəsində ciddi islahatların tərkib hissəsi olaraq ilk dəfə ASAN xidmət konsepsiyasının əsasını qoydu.
×
On bir il bundan əvvəl 2012-ci ildə Prezident İlham Əliyev idarəetmə sahəsində ciddi islahatların tərkib hissəsi olaraq ilk dəfə ASAN xidmət konsepsiyasının əsasını qoydu. Bu konsepsiya ölkə başçısının birbaşa ideyası və təşəbbüsü əsasında quruldu. Əsas məqsəd dövlət xidmətlərinin hər bir vətəndaşa əlçatan, şəffaf, sıfır bürokratiya və çevikliklə həyata keçirilməsi idi. Son 11 ilin nəticələrinə baxsaq, bu konsepsiya islahat olaraq özünü doğrultdu.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
Ü.Mehdiyev bildirib ki, indiyədək "ASAN xidmət" 63 milyondan çox müraciət qəbul edib. Hər gün 40 mindən çox vətəndaşın müraciəti qəbul olunur. Vətəndaş məmnunluğu isə 99 faizin üzərindədir.
"Bu gün 20-dən çox ölkə ilə müqaviləmiz var. Müqavilələrə əsasən "ASAN xidmət" konsepsiyasını Azərbaycanının intellektual məhsulu olaraq ixrac edirik", - deyə Ü.Mehdiyev qeyd edib.