×
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) ilə birgə təşkil etdiyi “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” mövzusuna həsr edilən II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun bağlanış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, Forumun mövzusu - “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” özünü sözün əsl mənasında doğrultdu. İştirakçıların fikirləri, enerjisi bir daha göstərdi ki, gənclər sülhün davamlılığında, müxtəlifliyin təşviqində, xalqlar, mədəniyyətlər, dinlər arasında qarşılıqlı hörmətin möhkəmləndirilməsində əvəzolunmaz rola malikdirlər. Forum müddətində iştirakçılar Bakı, Xankəndi və Şuşada bir araya gələrək faydalı müzakirələr apardılar, müxtəlif baxış bucaqlarını bölüşdülər və bir daha əmin olduq ki, gənclər yalnız gələcəkdə deyil, həm də bu gün multikultural dünyada sülh quruculuğunun əsas qüvvəsidir. Forumun Bakı ilə yanaşı Xankəndidə və mədəniyyət beşiyimiz Şuşada keçirilməsi sülhün davamlılığını, bu ərazilərdə birgəyaşayışın yenidən qurulması zərurətini simvolizə edir.
“Qürur hissi ilə deyə bilərik ki, bu Forum vasitəsilə dünyanın müxtəlif guşələrindən gəlmiş gənclər multikulturalizmin Azərbaycan nümunəsini yaxından gördülər. Onlar şahid oldular ki, burada multikulturalizm sadəcə bir şüar deyil, dövlət siyasəti, gündəlik həyat tərzi və birgəyaşayış fəlsəfəsidir,” – deyə Rəvan Həsənov vurğulayıb.
İcraçı direktor diqqətə çatdırıb ki, dünya bu gün dözümsüzlük, radikalizm, ksenofobiya və mədəniyyətlərarası anlaşılmazlıqlar kimi ciddi çağırışlarla üz-üzədir. Ancaq belə forumlar göstərir ki, gənclər ədalətli, inklüziv və sülhpərvər gələcəyə aparan yolun önündə getməyə qadirdirlər.
Gənclər və idman naziri Fərid Qayıbov gənclərin Azərbaycan hökuməti üçün əhəmiyyətindən bəhs edib. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər üçün müxtəlif səpkili tədbirlər keçirildiyini diqqətə çatdırıb.
O qeyd edib ki, bir neçə gün ərzində forum iştirakçıları ölkəmiz haqqında dolğun məlumatlar əldə etdilər.
ICESCO-nun Bakı regional ofisinin direktorunun müavini Məryəm Qafarzadə deyib ki, mədəniyyətlərarası dialoqun və sülhün təşviqinə sadiqlik ruhlandırıcı və təqdirəlayiq haldır. Gənclərin enerjisi və dərin bağlılığı bu toplantını mənalı və təsirli hadisəyə çevirdi.
"Sülh, sadəcə, bir anlayış deyil. O İslamda dərin kök salmış əsas dəyərdir və ICESCO-nun missiyasının mərkəzi sütunudur. ICESCO uzun müddətdir sülh, təhsil və mədəniyyətlərarası dialoqun müdafiəçisidir. Azərbaycan, Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstana xidmət edən Bakıdakı regional ofisimiz əməkdaşlığa, mədəni mübadilə və barışığa təkan verən proqram və təşəbbüslərin həyata keçirilməsində fəal iştirak edir.