Çinin Honkonq xüsusi inzibati ərazisində yeni növ koronavirusla (COVID-19) əlaqədar kütləvi testdənkeçmə prosesi başlayıb.
×
Çinin Honkonq xüsusi inzibati ərazisində yeni növ koronavirusla (COVID-19) əlaqədar kütləvi testdənkeçmə prosesi başlayıb.
AZƏRTAC xəbər verir ki, Honkonq hökuməti iyul ayından bəri yoluxma hallarının çoxalması ilə ağırlaşan epidemik vəziyyəti nəzarət altına almaq üçün belə bir qərar qəbul edib. İki həftə davam edəcək proses sakinlər üçün ödənişsiz olacaq və könüllülük prinsipi əsasında aparılacaq. Test olunmaq üçün 553 min nəfər qeydiyyatdan keçib. Honkonq hökumətinin rəhbəri xanım Kəri Ləm və hökumətin digər rəhbər şəxsləri də test olunacaqlar.
Honkonqun 18 rayonunda səyyar test məntəqələri təşkil olunub. Test prosesini yerinə yetirmək üçün Çinin müxtəlif şəhərlərindən Honkonqa əlavə tibb briqadaları cəlb olunub.
Çində pandemiya ilə əlaqədar sakinlərin kütləvi test edilməsi ənənəsi ilk olaraq Uxanda başlayıb, daha sonra paytaxt Pekində, habelə Urumçi və Dalyan şəhərlərində həyata keçirilib.
Qeyd edək ki, Honkonq xüsusi inzibati ərazisində indiyədək 4810 nəfər COVID-19 infeksiyasına yoluxub, 89 nəfər pandemiyanın qurbanı olub. İyulun 5-dən sonra şəhərdə yoluxma sayında ciddi artım müşahidə edilir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin