Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 31-də keçiriləcək parlament seçkilərinə daha çox beynəlxalq müşahidəçi cəlb etmək niyyətindədir.
×
Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 31-də keçiriləcək parlament seçkilərinə daha çox beynəlxalq müşahidəçi cəlb etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə MSK sədri Tamar Jivania bildirib.
Onun sözlərinə görə, MSK seçkilərə beynəlxalq müşahidəçilərin cəlb olunması üçün xüsusi protokol hazırlayır. Bununla əlaqədar olaraq MSK Gürcüstanın Səhiyyə Nazirliyi və Dövlət Qurumlararası Koordinasiya Şurası ilə sıx əməkdaşlıq edir. Bu, seçkilərin daha şəffaf keçirilməsi, seçkilərə beynəlxalq səviyyədə yüksək və peşəkar səviyyədə qiymət verilməsinə nail olmaq üçün çox vacibdir.
MSK sədri deyib ki, seçkilərin demokratik, şəffaf və azad keçirilməsi ilə bağlı məsuliyyət təkcə bir tərəfin üstünə düşmür. Burada bütün siyasi qurumlar eyni məsuliyyəti daşıyırlar.
“Seçkilərdə iştirak etmək üçün indiyədək 68 siyasi partiya MSK-ya müraciət edib. MSK onların hər biri ilə sıx əlaqə saxlayır və yaranan problemlərin dərhal həllinə çalısı”, - deyə Jivaniya vurğulayıb.
MSK sədri ATƏT və digər beynəlxalq institutların köməyi ilə ölkənin seçki qanunverciliyinə edilən dəyişiklikləri də yüksək qiymətləndirib və rəhbərlik etdiyi qurumun seçkilərə “kibergigiyena nöqteyi nəzərindən” yaxşı hazırlaşdığını qeyd edib.
Pandemiya dövründə seçkilərin keçirilməsinə münasibət bildirən T.Jivania deyib: “Bu məsələ də xüsusi diqqət mərkəzindədir. MSK beynəlxalq institutlarla bu istiqamətdə də fəal işləyir. Seçki məntəqələrində tibbi maska, dezinfeksiyaedici məhlullar, xüsusi əlcək və digər lazımi materiallar olacaq”.
Qeyd edək ki, Gürcüstan beynəlxalq müşahidəçilərin ölkəyə gəlişi zamanı onların karantinə alınmaması barədə layihə hazırlayır.
Sənədə əsasən, oktyabrın 31-də keçiriləcək parlament seçkilərini izləyəcək beynəlxalq ekspertlər və müşahidəçilər karantin rejimini keçmədən faliyyət göstərəcəklər. Lakin məsələ hələ tam təsdiqini tapmayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi