Anadangəlmə görmə məhdudiyyətli, I dərəcə gözdən əlilliyi olan Rəvanə Ağamirova Prezident İlham Əliyevin Sərəncamı ilə Prezident mükafatına layiq görülüb.
×
Anadangəlmə görmə məhdudiyyətli, I dərəcə gözdən əlilliyi olan Rəvanə Ağamirova Prezident İlham Əliyevin Sərəncamı ilə Prezident mükafatına layiq görülüb. Bir müddət əvvəl “Ay Laçın” ifası ilə qəlbləri fəth edən Rəvanə bu mahnını 30 il sonra işğaldan azad olan Qarabağ üçün oxuduğunu deyir. Məhz bu səbəbdən 18 yaşlı gənc ulduzun səsi insanların ürəyinə yol tapır.
AZƏRTAC-ın əməkdaşları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarı, "Ay Laçın" xalq mahnısının ifaçısı, görmə məhdudiyyətli Rəvanə Ağamirova ilə həmsöhbət olub. Söhbət zamanı Rəvanə hələ uşaqkən onda musiqiyə, ifaçılığa xüsusi həvəsin yarandığını deyib. Onun sözlərinə görə ifaçılığa olan sevgisi nənəsindən keçib: “Nənəm hər axşam mənə lay-lay oxuyur, nağıllar danışırdı. Onun səsindəki məlahət məni ifaçı olmağa sövq etdi”.
Rəvanə Ağamirova 2005-ci ildə İsmayıllı rayonunun Talış kəndində anadan olub. Həmin kənddə dostları, qohumları, ailəsi üçün xalq mahnılarını ifa etmək onun uşaqlığının ən xoş xatirələrindəndir: “Hazırda mərkəzdə musiqi istiqaməti üzrə təlim alıram. İfaçılıq mənim üçün sadəcə hobbi deyil. Bu artıq mənim həyatımın bir hissəsidir. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində musiqiyə olan həvəsimi yüksək qiymətləndirirlər, vokal müəllimim Humay Aslanova məni konsertlərə hazırlayır. Burada təlim aldığım müddət ərzində hətta fortepianoda ifa etməyi də tam öyrənmişəm”.
Görmə məhdudiyyəti olmasına baxmayaraq Rəvanənin fortepianoda ifa etdiyi "Ay Laçın" xalq mahnısı insanda doğma Laçınla bağlı xoş duyğular, ürəklərdə əziz, unudulmaz hisslər yaradır. Hazırda mərkəzdə təlimlərə cəlb olunan Rəvanənin istedadının daha da püxtələşməsi, ifaçılıq qabiliyyətinin inkişaf etdirilməsi üçün səylər göstərilir. Bu səylər də öz bəhrəsini verir. Rəvanə Ağamirova öz bacarığı və istedadı ilə “Əlillik qüsur deyil” devizini bir daha təsdiqləyir.
Musiqi ifa etdiyi zaman keçirdiyi duyğuları bizimlə bölüşən Rəvanənin sözlərinə görə, xüsusilə Qarabağ mövzusunda xalq mahnıları oxumaq onda təsvirolunmaz hisslər yaradır: “Vətəni sevən hər bir azərbaycanlı gənc öz ölkəsinə layiqli vətəndaş olmaq istəyir. Sözsüz ki, mən də Vətən müharibəsi dövründə cəbhədə baş verən hadisələri diqqətlə dinləyirdim. Xüsusilə, Prezidentimizin Şuşanın azad olunması ilə bağlı çıxışı, onun müzəffər səsi mənim yaddaşımdan heç vaxt silinməyəcək”.
Rəvanə Ağamirovanın bundan sonrakı fəaliyyətindəki əsas məqsədi Azərbaycan Milli Konservatoriyasını bitirib, təhsil müəssisələrində fəaliyyət göstərməkdir: “Mən öz müəllimlərim kimi xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək olmaq, onların gələcək həyatları üçün nümunəyə çevrilmək istəyirəm”.