×
Noyabrın 24-də Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində fransız dilinə tərcümə edilmiş “Nîzâmî Gandjavî: Ghazals suivis de Aphorismes” - “Nizami Gəncəvi: Qəzəllər və Kəlamlar” adlı kitabın təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Praktiki Ali Tədqiqatlar Məktəbinin doktoru, Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin tədqiqatçısı, islamşünas alim Kərim İfrak çıxış edərək Nizami yaradıcılığından, onun əsərlərindəki ümumbəşəri ideyalardan söz açıb.
Azərbaycanda Fransız İnstitutunun icraçı direktoru Conatan Hakan Ünlü, Azərbaycan Dillər Universitetinin Fransız dili leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru Gülnarə Sadıxova Nizami irsinin özəlliklərindən danışarıq təqdimatı keçirilən kitab barədə fikirlərini bölüşüblər.
Qeyd olunub ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yubiley ili çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən Nizami irsinin beynəlxalq səviyyədə təbliği məqsədilə əcnəbi dillərdə bir sıra nəşrlər çap olunub.
Xarici nəşrlərdən biri, mərhum azərbaycanlı professor, filologiya elmləri doktoru Əli Musayev tərəfindən 1990-cı illərdə fransız dilinə tərcümə olunmuş Nizami Gəncəvinin 50 qəzəli və 50 kəlamından ibarət kitab layihəsidir.
Cari ilin oktyabrın sonunda Fransada “HÉMISPHÈRES ÉDITIONS / MAISONNEUVE & LAROSE” nəşriyyatı tərəfindən çap olunmuş “Nîzâmî Gandjavî: Ghazals suivis de Aphorismes” - “Nizami Gəncəvi: Qəzəllər və Kəlamlar” adlı kitabın redaktorları görkəmli fransalı türkşünas, qafqazşünas alim Remy Dor və Azərbaycan Dillər Universitetinin Fransız dili leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru Gülnarə Sadıxova, "Ön söz"ün müəllifi NGBM-nin İdarə Heyətinin həmsədri İsmayıl Səragəldin, müqəddimənin müəllifi Ümumdünya Verona Şeir Akademiyasının təsisçisi, görkəmli yazar Məhəmməd Nadir Aziza, Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında fəslin müəllifi islamşünas alim Kərim İfrak, müasir Azərbaycan miniatürü tərzində çəkilmiş 23 illüstrasiyanın müəllifi isə rəssam Pərnisə Əsgərovadır.
Kitab noyabrın 1-dən etibarən Fransada fəaliyyət göstərən kitab dükanları, Fnac və Amazon saytları, həmçinin nəşriyyatın internet satış xidməti üzərindən ictimaiyyətə, həmçinin Fransada fəaliyyət göstərən aidiyyəti universitet, kitabxana və şərqşünaslıq mərkəzlərinə təqdim olunmaqdadır.
Diqqətə çatdırılıb ki, Nizami Gəncəvinin “Xəmsə”ə daxil olan beş bədii əsərin yalnız bir qismi (“Xosrov və Şirin”, “Leyli və Məcnun” və “Yeddi Gözəl”) fransız dilinə tərcümə olunub. Yeni işıq üzü görmüş “Nizami Gəncəvi: Qəzəllər və Kəlamlar” adlı kitab müasir fransız oxucularının Nizami Gəncəvi poeziyası ilə yaxından tanış olmasına şərait yaradacaq.