×
İşğaldan azad olunan ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları çərçivəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) gördüyü işlərlə tanışlıq üçün iyunun 6-da Ağdam rayonunun Suma və Nəmirli kəndinə mediatur təşkil olunub.
AZƏRTAC xəbər verir ki, mediaturun məqsədi bu ərazilərin minalardan və partlamamış hərbi sursatlarından təmizlənməsi sahəsində FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən görülən işlərin işıqlandırılmasıdır.
Mediatur zamanı KİV nümayəndələri ərazilərin minaaxtaran itlər vasitəsilə minalardan təmizlənməsi prosesi, eləcə də bu əməliyyatların icrası zamanı istifadə edilən avadanlıqla tanış olublar.
Mina Əleyhinə Xüsusi Təyinatlı hərbi hissənin bölük komandiri Səbuhi Sarıyev AZƏRTAC-a açıqlamasında bildirib ki, düşmən ərazilərimizi minalayarkən heç bir norma gözləməyib, buna baxmayaraq işlərimizi sürətli şəkildə yerinə yetiririk: “Bir daha vətəndaşlarımıza müraciət edirik ki, onlar qanunsuz yollarla işğaldan azad olunan ərazilərə keçməsinlər, belə səfərlərdən çəkinsinlər. Bərpa-quruculuq işlərində iştirak edən şəxsləri ərazilərdə ehtiyatlı olmağa, müəyyənləşdirilmiş, təmizlənmiş yollardan istifadə etməyə, xüsusi işarələnmiş zolaqlardan çıxmamağa çağırırıq. Mina və partlamamış hərbi sursatlar, əraziyə xas olmayan şübhəli əşyalar, ərazinin minalı olmasını göstərən amillər gördükdə dərhal FHN-in 112 qaynar xəttinə məlumat versinlər ki, partlayıcı qurğuların qurbanına çevrilməyək”.
O bildirib ki, torpaqlarımız işğaldan azad olunandan sonra minaların təmizlənməsi prosesinə bir sıra qurumlarla yanaşı, Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsinin şəxsi heyəti də cəlb edilib. Müasir avadanlıqlarla təchiz olunmuş şəxsi heyətimiz, həm də beynəlxalq səviyyəli kurslardan da keçib.
Qeyd edək ki, Vətən müharibəsi bitdikdən sonra ərazilərin minalardan və partlamamış hərbi sursatlardan, o cümlədən müharibənin partlamamış qalıqlarından təmizlənməsi əməliyyatlarına müvafiq qurumların əməkdaşları ilə yanaşı, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi də cəlb olunub. Əməliyyatlar təyin olunmuş istiqamətlər üzrə, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır. Əməkdaşlar ən müasir avadanlıqlarla təchiz olunub və bu sahədə beynəlxalq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər.
Bundan əlavə, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Nazirlik tərəfindən alınan “GCS-200” markalı, kənardan idarə edilən müasir minatəmizləyən robotlar işğaldan azad edilmiş ərazilərin piyada və tank əleyhinə minalardan təmizlənməsi işlərində istifadə olunur. Robotlar məsafədən idarəetmə pultuna malikdir. Robotlar iki kovuşdan ibarətdir - biri yumşaq torpaq səthini minalardan təmizləmək üçün, digəri isə daşlıq əraziləri minalardan təmizləmək üçün istifadə olunur. Bir robotu idarə etmək üçün bir mexanik və iki operator olur. Robotun arxa hissəsində özünü dartma xüsusiyyəti var və robot 10 kiloqram tratil ekvivalenti gücündə partlayışa dözümlüdür. Yəni, bu tip partlayış zamanı yalnız robotun qarşısındakı hissə zədələnə bilər, digər hissələr heç bir zədə görmür.
Prosesə istehkamçılarla bərabər xüsusi təlim keçmiş itlər də qoşulub. Ərazilərin mina və partlamamış hərbi sursatlarla çirklənmə miqyası həddindən artıq geniş olduğu üçün minaaxtaran itlərdən istifadə olunur. Bu itlər çox sayda minaları və partlayıcı maddələri aşkarlama qabiliyyətinə malikdir.
Hazırda minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir.