Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatının sütununu təşkil edən şairlərdən biridir. O, şifahi xalq ədəbiyyatı janrlarında yazılı nümunələrin yaranmasında mühüm rol oynayıb.
×
Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatının sütununu təşkil edən şairlərdən biridir. O, şifahi xalq ədəbiyyatı janrlarında yazılı nümunələrin yaranmasında mühüm rol oynayıb. Müasir Azərbaycan poeziyası əslində Molla Pənah Vaqifdən başlayır. Amma Vaqifin Azərbaycan ədəbiyyatı, ümumiyyətlə, Azərbaycan tarixindəki yeri təkcə poeziya ilə müəyyənləşmir. O, Azərbaycan xalqının tarixi taleyində çox mühüm rol oynamış dövlət xadimidir. Ona görə də Molla Pənah Vaqifin ziyarətinə gəlmək, onun məqbərəsinin açılışında iştirak etmək təkcə ədəbi, mədəni deyil, həmçinin siyasi məna daşıyan çox ciddi hadisədir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, “Azərbaycan” jurnalının baş redaktorunun müavini Əsəd Cahangir söyləyib. O deyib: “Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Vaqif məqbərəsi inşa edilib və 1982-ci ilin çovğunlu bir yanvar günündə açılışı olub. İllər sonra Şuşanı işğal edən ermənilər öz vandal hərəkətləri ilə Molla Pənah Vaqifin məqbərəsini dağıtmışdılar.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun rəşadəti, xalqımızın əzmi, qardaş və dost ölkələrin dəstəyi ilə torpaqlarımız, o cümlədən Şuşa şəhəri düşmən tapdağından azad olundu. Hazırda burada sürətlə quruculuq işləri gedir. Təmir və bərpa edilmiş, yenidən qurulmuş Vaqif muzey-məqbərə kompleksinin açılışı oldu. Açılışa ziyalılar, şairlər, yazıçılar dəvət olunmuşdu. Tədbir yüksək səviyyədə keçdi. Görkəmli yazıçılar, şairlər öz ürək sözlərini dilə gətirdilər.
Prezident İlham Əliyev Vaqif Poeziya Günlərinin açılış mərasimində çıxışı zamanı, həmçinin Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışdı.
Qeyd edim ki, Vaqif məqbərəsinin ikinci dəfə açılışı siyasi, mədəni, ümumxalq əhəmiyyətli hadisədir”.