Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı 18 yaşınadək əlilliyi müəyyənləşdirilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərinin iştirakı ilə moda nümayişi təşkil olunub.
×
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı 18 yaşınadək əlilliyi müəyyənləşdirilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərinin iştirakı ilə moda nümayişi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü və "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr edilib.
İçərişəhərdəki Muğam klub-restoranında təşkil olunan tədbirdə incəsənət adamları, blogerlər, media nümayəndələri, eləcə də moda ilə maraqlanan digər şəxslər iştirak ediblər.
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib ki, Prezident İlham Əliyevin tapşırıqları ilə həssas əhali qruplarının sosial müdafiəsi tədbirləri ildən ilə gücləndirilir. Həyata keçirilən sosial proqramlarla bu sahədə mühüm addımlar atılır.
Qeyd olunub ki, ölkəmizdə uşaqların dövlət qayğısı ilə əhatə olunması, sosial və hüquqi müdafiəsi tədbirləri vacib istiqamətlərdəndir.
Tədbirin məqsədi həssas kateqoriyadan olan uşaqların cəmiyyətə inteqrasiyası, yaradıcı potensiallarının dəstəklənməsi, həmçinin onların ekoloji mühitin sağlamlaşdırılmasına cəlb edilməsidir.
Sonra 1 saylı 18 yaşınadək əlilliyi müəyyənləşdirilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin 10-dan çox əlilliyi müəyyən edilmiş sakini modelyer-dizayner Səbinə Zülalovanın əl işlərindən ibarət geyimləri qonaqlara nümayiş etdiriblər.
Gənc müğənni Camal Qasımovun ifasında musiqi parçaları və əlilliyi müəyyənləşdirilmiş şəxslər Aynişan Kəlbəliyeva və Aqşın Yusiflinin ifasında “Şuşanın dağları” mahnısı üçün hazırlanan rəqs nümunəsi də tamaşaçıların marağına səbəb olub.