Həyatımın ən xoş günlərini, inanılmaz hisslər yaşayıram. Qədim şəhərimiz, mədəniyyət paytaxtımız olan Şuşa Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əsgərlərimizin, qazilərimizin, şəhidlərimizin canı, qanı bahasına işğaldan azad olunub.
×
Həyatımın ən xoş günlərini, inanılmaz hisslər yaşayıram. Qədim şəhərimiz, mədəniyyət paytaxtımız olan Şuşa Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əsgərlərimizin, qazilərimizin, şəhidlərimizin canı, qanı bahasına işğaldan azad olunub. Biz burada aldığımız hər nəfəsə görə şəhidlərimizə borcluyuq. Allah onlara rəhmət eləsin. Bu tədbirin çox böyük ictimai, mədəni, siyasi əhəmiyyəti var.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin dosenti Ələmdar Cabbarlı söyləyib. O deyib: “Hələ XX əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi ilə həyatın bütün sahələrində olduğu kimi mədəniyyət, ədəbiyyat sahəsinə də diqqət göstərilməsinə başlanılıb. Ümummilli Lider hər zaman Azərbaycan ədəbiyyatının hamisi olub. Görkəmli şairlərin, şəxsiyyətlərin yubileylərinin keçirilməsi, onlara abidələr ucaldılması ənənələri Heydər Əliyev tərəfindən qoyulub. Molla Pənah Vaqifin məqbərəsinin ikinci dəfə açılışı Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyevin Azərbaycan ədəbiyyatına göstərdiyi qayğıya daha bir bariz nümunədir. Bunun mənəvi əhəmiyyəti böyükdür. İnanıram ki, bu hadisə Azərbaycan ədəbiyyatına yeni mövzular, yeni obrazlar gətirəcək. Bildiyimiz kimi, 30 illik işğal dövründə ədəbiyyatımızda daha çox həsrət, itirilmiş yurd acısı öz əksini tapmışdı. Artıq ədəbiyyatımızda qələbə ruhlu şeirlər, poemalar, dram əsərləri, romanlar yazılacaq. Bu tədbir də onlar üçün stimul olacaq. Bu tədbir haqqında gələcəkdə məqalələr yazılacaq, tədqiqatlar aparılacaq”.