Bu il Azərbaycanın görkəmli alimi, oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi tamam olur.
×
Bu il Azərbaycanın görkəmli alimi, oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən xüsusi Sərəncam imzalanaraq çoxşaxəli tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, aprelin 19-da Ədliyyə Nazirliyi oftalmoloq-alimin yubileyinə həsr olunan “Zirvələrə yüksələn zərif insan ömrü” mövzusunda konfrans təşkil edir.
Tədbirdə Ədliyyə Nazirliyinin məsul işçiləri və kollektivi, Milli Məclisin deputatları, Səhiyyə Nazirliyinin, Azərbaycan Tibb Universitetinin, Milli Oftalmologiya Mərkəzinin, Vəkillər Kollegiyasının təmsilçiləri, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər vətəndaş cəmiyyəti institutları, media nümayəndələri iştirak edirlər.
Ədliyyə Nazirliyi İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitovanın moderatorluğu ilə davam edən konfransda akademik Zərifə Əliyevanın zərif əməllərinə, nurlu xatirəsinə işıq salınaraq əvəzsiz xidmətləri qeyd olunub, mənalı ömür yoluna və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.
Sonra Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Əhliman Əmiraslanov, deputat Məlahət İbrahimqızı, Tibb Universiteti Oftalmologiya kafedrasının müdiri Paşa Qəlbinur, Ədliyyə Nazirliyi Tibb baş idarəsinin rəisi Rəfail Mehdiyev və başqaları çıxış ediblər.
Çıxışçılar görkəmli alimin peşəkar oftalmoloq-həkim kimi fədakarlığından, tibb elminin inkişafında, yüksəkixtisaslı tibbi kadrların hazırlanmasında əvəzsiz rolundan, sanballı tədqiqatları ilə oftalmologiya elminin inkişafına mühüm töhfələrindən bəhs ediblər.