×
İyulun 5-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Xan qızı Natəvan və Azərbaycan qadınının ədəbi-mədəni mübarizələri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, beynəlxalq elmi konfrans Prezident İlham Əliyevin “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamına əsasən təşkil edilib.
Tədbirdə Ədəbiyyat Muzeyinin arxivində yer alan və 1990-cı illərdə hazırlanmış “Qarabağ ulduzları” mövzusunda maraqlı sərgi nümayiş etdirilib.
Konfransda Ədəbiyyat Muzeyinin baş direktoru akademik Rafael Hüseynov “Xurşidbanu Natəvanın ədəbi səsləşmələri və əbədi səsi” mövzusunda məruzə ilə çıxış edib. Rafael Hüseynov çıxışında Natəvanın ölməz söz sənəti və onun poetik incəliklərindən, həyat və yaradıcılığından bəhs edib. Bildirib ki, Qarabağ xanlığının sonuncu varisi, Mehdiqulu xanın qızı olan Xurşidbanu Natəvan Azərbaycan bədii fikrinin görkəmli nümayəndəsi olub. Vətəni Şuşada “Xan qızı” adı ilə məşhur olan Xurşidbanu aşiqanə-hüznlü şeirlər, təbiət təsvirləri və müasirlərinə ünvanladığı mənzumələri ilə sevilən, keşməkeşli tale yoluna malik olan qadın şairlərdəndir.
“Bu il Natəvanın doğum gününü ürək açıqlığı ilə qeyd edirik. Çünki Qarabağımız azaddır, Azərbaycan torpaqları işğaldan azad olunub”, - deyən akademik tarixin bütün zamanlarında qadının hər zaman ədəbiyyatın baş mövzusu olduğunu söyləyib. Qeyd edib ki, Natəvan Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuş şəxsdir. O, Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün böyük işlər görüb.
Rafael Hüseynov Xurşidbanu Natəvanın rəhbərlik etdiyi ədəbi məclisdən, xeyriyyəçilik fəaliyyətindən də söz açıb. Bildirib ki, onun başçılıq etdiyi ədəbi məclis öz ətrafında dövrün qabaqcıl ziyalılarını toplayıb və Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərib. Zəmanəsinin görkəmli şəxsiyyətlərindən olan Xurşidbanu Natəvan təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı ilə tanınıb. O, kasıblara əl tutub, Şuşaya su kəməri və yol çəkdirib.
Beynəlxalq konfransın açılış mərasimində Natəvanın tarixi, poetik fərdiliyini müxtəlif çalarları ilə araşdıran digər maraqlı məruzələr də dinlənilib. Filologiya elmləri doktoru, professor Xatirə Bəşirli “Nizami muzeyinin fondunda və ekspozisiyasında Xurşidbanu Natəvan” mövzusunda məruzəsində Ədəbiyyat Muzeyinin fondlarında Natəvanla bağlı qorunan qiymətli əlyazmalar barədə məlumat verib.
Konfrans işini bölmə iclasları ilə davam etdirib. Bölmə iclaslarında Xurşidbanu Natəvanın həyat və yaradıcılığı barədə məruzələr dinlənilib.
“Xan qızı Natəvan və Azərbaycan qadınının ədəbi-mədəni mübarizələri” mövzusunda beynəlxalq elmi konfrans iyulun 6-dək davam edəcək.