×
Martın 29-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Soyqırımlarının qıra bilmədiyi sarsılmaz iradə” mövzusunda elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru akademik Rafael Hüseynov 31 Mart soyqırımının başvermə səbəbləri və acı nəticələri barədə danışıb. O bildirib ki, Azərbaycan xalqı son iki yüz ildə erməni vandalizmi və terrorizminə məruz qalıb. Bu dövrdə erməni millətçiləri xalqımıza qarşı kütləvi qətliamlar, soyqırımı aktları törədib, insanlıq əleyhinə qəddar və amansız cinayətlərə imza atıblar. Belə qanlı cinayətlər sırasında 1918-ci ilin mart-aprel aylarında həyata keçirilmiş kütləvi qətliamlar isə miqyasına görə daha dəhşətlidir.
Direktor ermənilərin törətdikləri soyqırımlarının xalqımızın milli kimliyinə qarşı ağır cinayət olduğunu vurğulayıb. Qeyd edib ki, bu hadisələr zamanı düşmən, sadəcə öldürməklə kifayətlənməyib, Azərbaycanın gələcəyini məhv etməyə çalışıb. Ermənilər 1918-ci ildə Tiflisdə guya azərbaycanlıların ermənilərə qarşı soyqırımı törətmələri haqqında kitabça buraxmışdılar. Onlar bununla, əslində, illərlə törətdikləri cinayət əməlini ört-basdır etmək planını güdüb, növbəti təxribat üçün zəmin yaratmışlar.
Akademik Rafael Hüseynov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Fövqəladə Təhqiqat Komissiyası yaradılıb və Ələkbər bəy Xasməmmədovun rəhbərliyi ilə ermənilərin törətdikləri cinayətlər araşdırılmağa başlanılıb. 1918-ci il sentyabrın 15-də Bakı şəhəri yad qüvvələrdən azad edildikdən sonra Azərbaycan Hökuməti Gəncədən Bakıya köçürülüb, Fövqəladə Təhqiqat Komissiyası “Metropol” mehmanxanasında - indiki Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində fəaliyyətlərini davam etdirib. 1918-ci il iyulun 15-dən 1919-cu il noyabrın 1-dək Komissiya ermənilər tərəfindən Bakı şəhəri və onun ətrafında müsəlman əhalisinə qarşı törədilmiş soyqırımı hadisələrini, zorakılıq hallarını, amansız cinayətləri əks etdirən 36 cilddən, 3500 vərəqdən ibarət istintaq materiallarını toplayaraq Nazirlər Kabinetinə təqdim etmişdi. Eyni zamanda, həmin materiallar Paris sülh konfransına gedən nümayəndə heyətinə məktub vasitəsilə verilmişdi.
Diqqətə çatdırılıb ki, ermənilər tərəfindən 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü illərdə xalqımıza qarşı kütləvi cinayətlər törədilib. Amma sovet dövründə bu faktlar gizlədilib və ya təhrif olunmuş şəkildə təqdim edilib. Keçmişin acı səhifələrinin növbəti nəsillərin yaddaşında həkk edilməsinə, real həqiqətlərin araşdırılmasına imkan verilməyib.
Məmməd Səid Ordubadinin tarixi faktlar və dərin müşahidələr əsasında “Qanlı sənələr” adlı kitab ərsəyə gətirdiyini söyləyən direktor hələ XX əsrin əvvəllərində ədibin qanlı hadisələrin mahiyyətinə düzgün nüfuz edərək mövcud səbəbləri açıq-aydın göstərdiyini bildirib.
2001-ci ilin aprel ayında Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasında tamhüquqlu üzv qəbul edildiyini xatırladan alim o zaman Azərbaycan tərəfindən hazırlanan ilk sənədin ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlarının tanınması ilə bağlı olduğunu vurğulayıb. O, həmin sənəddə ermənilərin xalqımıza qarşı törətdikləri bütün qətliamların mərhələli şəkildə əks olunduğunu bildirib.
Akademik Rafael Hüseynov Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymət verildiyini və martın 31-nin 1998-ci ildən Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini deyib.