Fevralın 10-da Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində (SİTGDMNDA) ötən ilin yekunları ilə bağlı mətbuat konfransı keçirilib.
×
Fevralın 10-da Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində (SİTGDMNDA) ötən ilin yekunları ilə bağlı mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında agentliyin rəisi Vüsal Ağayev media nümayəndələrinə bildirib ki, SİTGDMNDA 2025-ci il ərzində ölkə ərazisində sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizlik üzrə vahid dövlət siyasətinin və tənzimlənməsinin səlahiyyətləri daxilində həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirib.
Qeyd olunub ki, il ərzində agentlik tərəfindən 3561 təhlükə potensiallı obyektdə 37 min 569 qurğu və avadanlıq üzrə texniki müayinələr keçirilib və 6603 akt tərtib edilib. Aktlarda 14 min 992 qayda pozuntusu qeydə alınıb və onların aradan qaldırılması ilə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, təhlükəli vəziyyətdə istismar olunan 144 qurğunun istismarına məhdudiyyət tətbiq edilib.
Həmçinin təhlükə potensiallı obyektlərdə istismar olunan texniki qurğu və avadanlıqlar üzrə ümumilikdə 2696 hüquqi və fiziki şəxsə 14 min 325 ədəd texniki təhlükəsizlik sertifikatı verilib. Texniki təhlükəsizlik tələblərinin icrası məqsədilə isə 5097 nəfər işçinin bilik səviyyəsi yoxlanılıb və həmin şəxslərə müvafiq təsdiqedici sənədlər təqdim edilib.
Müraciətlərə uyğun olaraq, hüquqi və fiziki şəxslərə təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə agentlik tərəfindən 1087 ədəd çıxarış, nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında isə 3405 ədəd şəhadətnamə verilib. Qeydiyyata alınmış ekspertiza rəylərinin ümumi sayı 5494 ədəd təşkil edib.
Bildirilib ki, hesabat dövründə agentlik tərəfindən qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin istismarına icazə verilməsi sisteminə daxil olmuş müraciətlər əsasında 26 min 192 obyektdə müayinə aparılıb. Bunlardan 25 min 682 obyektin istismarına icazə ilə bağlı müsbət, 510 obyektin istismarına isə mənfi rəy bildirilib.
Bundan başqa, 1523 ədəd texnoloji nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınıb, 2016 texnoloji və digər mexaniki nəqliyyat vasitələrinin texniki baxışı həyata keçirilib, 248 ədəd nəqliyyat vasitəsi təkrar qeydiyyata alınıb, 292 ədəd nəqliyyat vasitəsi isə qeydiyyatdan çıxarılıb.