İyunun 22-də Dənizkənarı Milli Parkda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə “Azərbaycanın milli parklarının tanıtımı” adlı tədbir keçirilir.
×
İyunun 22-də Dənizkənarı Milli Parkda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə “Azərbaycanın milli parklarının tanıtımı” adlı tədbir keçirilir.
AZƏRTAC xəbər verir ki, “Biomüxtəliflik - təbiətin harmoniyası” devizi altında keçirilən tədbirdə vətəndaşlar milli parkların tanıtımını əks etdirən stendləri gəzərək ölkəmizdəki milli parklarla virtual tanışlıq imkanı əldə edirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, tədbirdə milli parklara aid videoçarxlar nümayiş etdirilir, milli parklarda fəaliyyət göstərən ekoturizm marşrutları, xüsusi mühafizə olunan təbiət ərazilərinin flora və faunasına aid tanışlıq guşələri yer alır, həmçinin ziyarətçilərə milli parklarda asudə vaxtlarını necə maraqlı keçirə biləcəkləri haqqında məlumat verilir.
Eyni zamanda, tədbirdə interaktiv zona da yaradılıb. Burada həvəskar rəssamlar və könüllülər milli parklara aid rəsmlər çəkir, iştirakçılar arasında ekoviktorina, “Ekosfera” sosial-ekoloji mərkəz tərəfindən müxtəlif interaktiv oyunlar təşkil olunur. Qaliblər ekoçanta, ətraf mühitin mühafizəsinə aid kitab və milli parklara giriş bileti ilə mükafatlandırılacaq.