×
İyulun 17-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə VK-nın rəhbərliyi ilə yanaşı, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov, VK-nın Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, vəkillər, eləcə də media nümayəndələri iştirak ediblər.
Mərasimdən əvvəl vəkilliyə namizədlər Fəxri xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül qoyub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsini dərin ehtiramla anıblar.
Tədbir Dövlət Himninin və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra kollegiyanın il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən illik hesabat xarakterli videoçarx nümayiş olunub.
Açılış nitqi ilə çıxış edən VK-nın sədri Anar Bağırov qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edərək, onların cəmiyyətin hüquqi maarifləndirilməsində və vəkillik institutunun fəaliyyətinin ictimaiyyətə çatdırılmasında mühüm rol oynadıqlarını vurğulayıb.
Sədr çıxışında Azərbaycan vəkilliyinin keçdiyi tarixi inkişaf yoluna nəzər salaraq son illərdə bu sahədə həyata keçirilən islahatlardan və vəkillik institutunun gücləndirilməsi istiqamətində görülən işlərdən ətraflı bəhs edib.
Anar Bağırov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1999-cu il dekabrın 28-də imzaladığı "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanun müasir Azərbaycan vəkilliyinin möhkəm hüquqi təməlini qoyub və vəkillik institutunun müstəqil peşə təsisatı kimi formalaşmasında tarixi rol oynayıb. Məhz həmin Qanunun qəbulundan sonra vəkillik institutu ilk dəfə olaraq dövlət hakimiyyətinin qollarından asılı olmayan müstəqil qurum kimi fəaliyyət göstərməyə başlayıb, məhkəmə prosesində isə çəkişmə prinsipi əsasında bərabərhüquqlu iştirakçı statusu qazanıb.
Eyni zamanda, sədr Prezidenti İlham Əliyevin 2018-ci il 22 fevral tarixli Sərəncamının, eləcə də 2025-ci il 19 noyabr tarixli Fərmanı ilə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna edilmiş dəyişikliklərin vəkillik institutunun inkişafında yeni mərhələnin başlanğıcını qoyduğunu vurğulayıb. Həyata keçirilən ardıcıl dövlət siyasəti nəticəsində hüquqi yardım sisteminin təkmilləşdirilməsi, vətəndaşların müdafiə hüququnun daha səmərəli təmin olunması və vəkillik institutunun fəaliyyət imkanlarının genişləndirilməsi sahəsində əhəmiyyətli nəticələr əldə edilib.