Mayın 17-19-da Bakı Ekspo Mərkəzində sayca 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi keçiriləcək.
×
Mayın 17-19-da Bakı Ekspo Mərkəzində sayca 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi keçiriləcək. Ötən il olduğu kimi, bu il də sərgilərdə rekord sayda milli və regional stendlər nümayiş etdiriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Toğrul Qafarbəyli “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Qızıl Şah - Qızıl Yüzlük" III Milli Kulinariya Çempionatı da keçiriləcək: “Hər il təşkilatçılar regionlardan gələn fermerlər üçün sərgi üzrə turlar təşkil edirlər və bu tədbir çərçivəsində fermerlər ən son sənaye yenilikləri ilə tanış olurlar. Bu isə yüksəkkeyfiyyətli məhsul istehsalı üçün əvəzsiz şərtdir. Bu il baş tutacaq tura Naxçıvan Muxtar Respublikasından fermerlərin də dəvət edilməsi nəzərdə tutulub".
“Caspian Event Organisers" şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə isə bu il keçiriləcək sərginin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib: “İştirakçıların 71 faizi xarici vətəndaşlar olacaq. "Caspian Agro" kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, distribütorlar, topdan və pərakəndə ticarət nümayəndələrini, həmçinin fermerlər də daxil olmaqla, minlərlə peşəkar ziyarətçi auditoriyasını bir yerə toplayacaq. Sərgidə iştirakçılar arasında Azərbaycanla yanaşı ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Niderland, Çexiya, Polşa, Avstriya, İspaniya, Latviya, Estoniya, Gürcüstan, Qazaxıstan, Rusiya, Türkiyə, İsrail və Hindistan şirkətləri yer alacaq. Azərbaycanın bütün bölgələrindən, 600-dən çox fermerin iştirakı nəzərdə tutulub”.