Yer təki sahələrinin mühafizəsinin təmin olunması və ondan istifadənin mövcud qanunvericilikdə müəyyən edilmiş norma və standartlar çərçivəsində həyata keçirilməsinə nəzarət edilməsi məqsədilə 2022-ci ildə ölkə ərazisində 180-ə yaxın yataq sahəsinə baxış keçirilib.
×
Yer təki sahələrinin mühafizəsinin təmin olunması və ondan istifadənin mövcud qanunvericilikdə müəyyən edilmiş norma və standartlar çərçivəsində həyata keçirilməsinə nəzarət edilməsi məqsədilə 2022-ci ildə ölkə ərazisində 180-ə yaxın yataq sahəsinə baxış keçirilib. Ümumilikdə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin fəaliyyəti dövründə isə 800-ə yaxın yataq sahəsində monitorinq işləri aparılıb.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir İdayətov 2022-ci ilin yekunlarına dair brifinqdə deyib.
S.İdayətov bildirib ki, keçirilmiş baxışlar zamanı bir sıra nöqsanlar aşkar edilib və müəyyən edilmiş qanun bozuntularının aradan qaldırılması, həmçinin hüquqi qiymətin verilməsi məqsədilə hüquq-mühafizə orqanlarına müraciətlər olunub: "Nəticədə faydalı qazıntı yataqlarının qanunsuz istifadəsi nəticəsində yer təkinə dəymiş ziyanın ödənilməsi təmin edilməkdədir. Həmçinin 2022-ci ildən etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə monitorinq işləri təşkil olunmaqdadır. Aparılan monitorinqlərdə dron vasitəsilə çəkilmiş və əldə olunan görüntülər əsasında yataqların 3d modelinin çıxarılması və hasilat həcmləri müəyyən edilir. Düşünürəm ki, bu yeni innovativ yanaşma işlərimizin daha sürətli və keyfiyyətli yerinə yetirilməsində kömək edəcək"