×
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Akif Cəbrayıl oğlu Qurbanov avqustun 21-də paytaxtın Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.
AZƏRTAC xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə və Daxili İşlər nazirliklərinin əməkdaşları, Milli Məclisin deputatları, Abşeron Rayon İcra Hakimiyyətinin və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri, müharibə veteranları, şəhid ailələri, qazilər və sakinlər iştirak ediblər.
İtkin şəhid yaylım atəşinin və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb, onun ruhuna dualar oxunub, məzarının üzərinə əklillər qoyulub, gül dəstələri düzülüb.
Tabutun büküldüyü Azərbaycan Bayrağı şəhidin qardaşına təqdim olunub.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi Akif Qurbanov 1975-ci il oktyabrın 29-da Xırdalan şəhərində anadan olub. O, 1994-cü il aprelin 26-da Ağdam rayonunun Şotlanlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.
Şəhidin qardaşı Arif Qurbanov jurnalistlərə açıqlamasında Birinci Qarabağ müharibəsinin iştirakçısı olduğunu, cəbhədə bir yerdə döyüşdüklərini deyib: "Mən Ağdamda idim, o isə xüsusi təyinatlıların tərkibində Füzuli istiqamətində döyüşürdü. Tərtər-Ağdam istiqamətində vəziyyət ağır olduğuna görə qardaşımgili həmin əraziyə gətirdilər. Qızğın döyüş gedib, tankların qarşısında olublar. Həmin istiqamətdə döyüşlər zamanı qardaşımın olduğu qrupun mühasirəyə düşdüyünü deyirlər. Qardaşım böyük qəhrəmanlıq göstərərək şəhid olub. Çox şükür ki, 44 günlük müharibədə ərazi bütövlüyümüz bərpa olundu. Bir çox itkin şəhid ailələrinin gözü yoldan çəkildi".
Şəhidin qardaşı oğlu Ələsgər Qurbanov Vətən müharibəsində Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etdiyini bildirib: "Əmimi görməsəm də, onun haqqında eşitmişəm, onu şəkillərdən tanıyıram. Şükürlər olsun ki, torpaqlarımızı azad etdik. Əmim başda olmaqla bütün şəhidlərin qisasını aldıq".
Bildirək ki, Akif Qurbanov Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan beş şəhiddən biridir.