İyulun 2-də Baş Prokurorluğun inzibati binasında Azərbaycan Respublikası vətəndaşlarının və azərbaycanəsilli şəxslərin Rusiya Federasiyasında işgəncələrə məruz qalmaları və xüsusi amansızlıqla qəsdən öldürülmələri ilə bağlı brifinq keçirilib.
×
İyulun 2-də Baş Prokurorluğun inzibati binasında Azərbaycan Respublikası vətəndaşlarının və azərbaycanəsilli şəxslərin Rusiya Federasiyasında işgəncələrə məruz qalmaları və xüsusi amansızlıqla qəsdən öldürülmələri ilə bağlı brifinq keçirilib.
AZƏRTAC xəbər verir ki, brifinqdə Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov bildirib ki, Yekaterinburq şəhərində yaşayan Azərbaycan vətəndaşları Hüseyn və Ziyəddin Səfərov qardaşlarının Rusiyanın hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı işgəncələrə məruz qoyularaq öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən araşdırmalara başlanılıb: “İlkin araşdırma zamanı müəyyən edilib ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Milli Qvardiyasının Sverdlovsk vilayəti üzrə idarəsinin, Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş idarəsinin, Cinayət axtarış idarəsinin, Federal Təhlükəsizlik Xidmətinin Sverdlovsk vilayəti üzrə əməkdaşlarının iştirakı ilə keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Yekaterinburqda müxtəlif ünvanlarda yaşayan Azərbaycan vətəndaşları həmin ölkənin ərazisində əvvəlki dövrlərdə törədilmiş qəsdən adamöldürmə cinayətlərində iştirak etmələri şübhələri ilə saxlanılıblar. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən qurumların əməkdaşları tərəfindən saxlanılan Azərbaycan vətəndaşlarına və azərbaycanəsilli şəxslərə bədənlərinin müxtəlif nahiyələrinə bərk küt əşyalarla çoxsaylı zərbə vurularaq, işgəncələrə məruz qoyulmaqla ağır xəsarətlər yetirilib”.
O qeyd edib ki, azadlığı məhdudlaşdırılmaqla faktiki köməksiz vəziyyətdə olan 1966-cı il təvəllüdlü Hüseyn Səfərov aldığı çoxsaylı xəsarətlərdən elə həmin gün – iyunun 27-də saat 15 radələrində Yekaterinburq şəhərində daxili işlər orqanlarının inzibati binasında, onun qardaşı, 1970-ci il təvəllüdlü Ziyəddin Səfərov isə aldığı xəsarətlərdən səhər saatlarında əməliyyat qurumlarına məxsus xidməti avtomobildə daşınarkən ölüb: “İyunun 30-da zərərçəkmiş şəxslərin meyitləri Bakı şəhərinə gətirilib və ölümün səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə tibbi ekspertiza təyin edilib. Ekspertizanın rəylərinə əsasən, Ziyəddin Səfərovun ölümünə səbəb ona yetirilmiş çoxsaylı travma fonunda yaranmış posttravmatik şok, Səfərov Hüseynin ölümünə səbəb isə çoxsaylı travma fonunda yaranmış posttravmatik və posthemoragik şok olub”.
İstintaq idarəsinin rəisi diqqətə çatdırıb ki, hazırkı tarixə qədər Baş Prokurorluğun İstintaq İdarəsinə Rusiya Federasiyasının səlahiyyətli orqanları tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının və azərbaycanəsilli şəxslərin Yekaterinburq şəhərində işgəncələrə məruz qalmaları və xüsusi amansızlıqla qəsdən öldürülmələri ilə bağlı cinayət işinin açılması ilə əlaqədar hər hansı bir məlumat və ya beynəlxalq tapşırıq göndərilməyib: “Lakin Rusiyanın müvafiq qurumları hər bir halda ölüm faktı varsa, bu fakt əməliyyat-axtarış fəaliyyətini həyata keçirən dövlət orqanının binasında və yaxud onun nəqliyyat vasitəsində qeydə alınıbsa, məsələni mütləq araşdırmalıdır. Meyitlərlə bağlı Rusiyada müvafiq ekspertizalar keçirilib. Bu ekspertizaların keçirilməsi onu göstərir ki, Rusiyada da artıq araşdırmalara başlanılıb. Dövlət qurumlarının səlahiyyətli şəxsləri tərəfindən belə bir zorakılığın tətbiqi nəticəsində dilindən, dinindən, vətəndaşlığından, milliyətindən asılı olmayaraq, hər hansı bir şəxs işgəncələrə məruz qalaraq öldürülürsə, bu xüsusilə ağır cinayətdir. Bununla bağlı ilkin dəlillər və sübutlar bizim istintaqçılar tərəfindən toplanılıb və Rusiyanın aidiyyəti qurumlarına 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, beynəlxalq hüquqi yardım haqqında tapşırıq göndərilib. Həmin tapşırıqda da geniş və əhatəli şəkildə rusiyalı həmkarlarımızdan, Rusiyanın səlahiyyətli orqanlarından müvafiq istintaq hərəkətlərinin aparılmasını, materialların təqdim edilməsini, müvafiq ekspertizaların aparılmasını, baxışların keçirilməsini, sorğuların verilməsini, sənədlərin toplanmasını xahiş etmişik. Törədilmiş cinayətin obyektiv şəkildə istintaqının aparılması və bütün təqsirli şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi üçün Rusiyanın səlahiyyətli orqanları ilə qarşılıqlı təmas yaradaraq səylərimizi daha sürətli davam etdirəcəyik. Ümid edirik ki, bizim bu səylərimiz nəticə verəcək və təqsiri olan şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq”, - deyə N. Əvəzov vurğulayıb.