×
Yay fəslinin bitməsinə və payızın başlamasına sayılı günlər qalmış təbiətin gözəlliyini seyr etmək, həmçinin yaradılmış şəraitlə və görülən işlərlə tanış olmaq üçün Bakının mərkəzindən çox da uzaq olmayan məsafədə - Badamdar şossesi 40 ünvanında yerləşən Mərkəzi Nəbatət Bağına getdik. AZƏRTAC-ın əməkdaşları olaraq, burada bitkilərə xüsusi diqqət göstərildiyinin, eyni zamanda, ziyarətçilərin istirahəti üçün hər cür şəraitin yaradıldığının şahidi olduq.
İqlimə uyğunlaşdırılan bitkilər və onlara qulluq
Paytaxtın “yaşıl ürəyi” adlandırılan bu bağa gedən yolun kənarlarında əkilmiş ağaclar göz oxşayır. Bağın giriş hissəsində isə ziyarət saatları göstərilib: 09:00-17:00. Giriş üçün biletin qiyməti 2 manatdır. Kassadan alınan bütün biletlər QR kodla yoxlanılır. Bilet alıb, içəri daxil olduqda sıra ilə əkilmiş şam və sərv ağacları diqqəti cəlb edir. Bağa girişin sağ tərəfində maşınların parklanması üçün müasir tələblərə cavab verən avtodayanacaq gözə dəyir.
Bağın mərkəzinə doğru hərəkət edirik. Qarşımızda açılan yol böyük fəvvarələrə aparır. Fəvvarələrin sağında və solunda isə başqa ölkələrdən gətirilmiş nadir ağac, yaxud ekzotik kol və gülləri çoxaltmaq, yaxud onları qışdan çıxarmaq üçün şüşədən düzəldilmiş qapalı yerlər - oranjeriyalar yerləşir. Fəvvarələrin sağındakı oranjeriyanın qapısının üstündə bitkilərin adaptasiya prosesi ilə əlaqədar girişin qadağan olduğu yazılıb. Şüşədən görünən nadir və fərqli bitkilərə “ana qayğısı” göstərən bağban xanımlar gözə dəyirlər. Həmçinin suyun içərisindəki nilüfərlər, sarmaşıqlar, Cənubi Afrikadan, Yamaykadan, Çindən gətirilmiş fikuslar, dəmir ağacları, palmalar və digər bitkilər göz oxşayır.
Bələdçimiz, Mərkəzi Nəbatət Bağının Oduncaqlı bitkilər laboratoriyasının müdiri Asif Mehralıyev deyir ki, bağda yeni yaradılan oranjeriyada 108 bitki növü var: “Bu bitkilər öz vətənlərində çöl şəraitində yetişir. Bunlar Asiya və Afrikanın müxtəlif bölgələrindən gətirilib. O yerlərin iqlimi, torpağı fərqlidir. Ona görə də yerli şəraitə uyğunlaşmaq üçün bitkilər bu oranjeriyada adaptasiya prosesi keçir. Hesab edirəm ki, 1 ildən sonra oranjeriyaları ziyarətçilər üçün aça biləcəyik”.
Fəvvarələrin solunda, yeni yaradılmış oranjeriya ilə üzbəüzdə isə restavrasiya olunmuş oranjeriya yerləşir. Buraya daxil oluruq. Məlum olur ki, yenidən qurulan oranjeriyada da bitkilərin adaptasiya prosesi gedir. Həmsöhbətimiz Asif Mehralıyev bildirir ki, burada da dünyanın müxtəlif yerlərindən gəririlmiş ağac, köl, dekorativ və dərman bitkiləri əkilib-becərilir: “Ümumilikdə hər iki oranjeriyada 200-ə qədər bitkiyə qulluq göstərilir. Burada səhralıq, subtropik və digər bitkilər yetişdirilir. Adaptasiya prosesini keçmiş dərman, eləcə də digər endemik bitkilər sonradan bağın ərazisində açıq ərazidə əkilir. Bağın inkişafında yeni növlərin, kolleksiyaların əhəmiyyətli rolu var. Təsəvvür edin ki, Azərbaycan florasında 4 min 500-dən çox bitki növü var. Mərkəzi Nəbatət Bağında isə 2 min 500-ə qədər bitki olub. Sərt, quru subtropik iqlimə malik Abşeron yarımadasında, eyni zamanda, kiçik bir ərazidə bu qədər bitkinin yetişdirilməsi çətindir”.