“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində "Bakıdan COP31-ə: Parçalanmış dünyada dinamikanın saxlanılması" mövzusunda sessiya keçirilir.
×
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində "Bakıdan COP31-ə: Parçalanmış dünyada dinamikanın saxlanılması" mövzusunda sessiya keçirilir.
AZƏRTAC xəbər verir ki, sessiyada COP29-un irsinin necə qorunub inkişaf etdirilməsi, Bakıda əldə olunan nailiyyətlərin və dərslərin qarşıdakı illərdə qlobal iqlim gündəliyinə necə təsir göstərdiyi əsas müzakirə mövzusudur.
Müzakirələrdə Qlobal Şimal və Qlobal Cənub arasında etimadın bərpası zərurəti diqqət mərkəzində olacaq. Daha inklüziv, ədalətli və icraya yönəlmiş iqlim danışıqlarına aparan yollar nəzərdən keçiriləcək.
Həmçinin parçalanmış geosiyasi şəraitdə iqlim diplomatiyasının rolu və artan gərginliklərə baxmayaraq, onun dialoq platforması kimi fəaliyyətini davam etdirmək potensialı müzakirə olunacaq.
Diqqət öhdəliklərdən icraya keçidə yönəldiləcək və COP-lar arasındakı dövrdə dinamikanın qorunmasında hökumətlərin, parlamentlərin, biznesin, şəhərlərin və vətəndaş cəmiyyətinin rolu vurğulanacaq.
Nəhayət, sessiyada COP31-ə nəzər salınacaq və beynəlxalq ictimaiyyətin artıq Bakıda əldə olunmuş nəticələri yenidən müzakirə predmetinə çevirmək əvəzinə, onların üzərində necə işləyə biləcəyi, bununla da davamlılığı, ambisiyanı və real irəliləyişi necə təmin edə biləcəyi müzakirə olunacaq.