Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti tərəfindən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresi təşkil olunub.
×
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti tərəfindən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konqres çərçivəsində Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşəbbüsü ilə ötən il Türkiyədə təsis edilən Türk Dünyası Ürək-Damar Cərrahiyyəsi Birliyinin zirvə toplantısı keçirilib.
Toplantıya moderatorluq edən Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) təsisçisi və fəxri sədri Kamran Musayev, kardioloq, tibb elmləri doktoru Firdovsi İbrahimov, Türk Ürək Damar Cərrahiyyəsi Dərnəyinin sədri Murat Sarğın qeyd ediblər ki, zirvə toplantısında türk dövlətlərinin kardioloqları öz ölkələrində ürək-damar cərrahiyyəsinin vəziyyəti ilə bağlı məlumat verməsi olduqca vacibdir. Tibbin bütün sahələrində fikir mübadiləsi aparmaq inkaşafa dəstək verir.
Daha sonra Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanda ürək cərrahiyyəsinin tarixi və indiki vəziyyəti ilə bağlı mövzular müzakirə olunub.
Türkiyəli kardioloq Alpər Səlim Kocaoğlu Türkiyədə ürək-damar cərrahiyyəsinin son onilliklərdə böyük inkişaf yolu keçdiyinə diqqət çəkib: “1960-cı illərdən etibarən ilk açıq ürək əməliyyatları ilə başlanan bu yol, bu gün artıq dünya standartlarına cavab verən yüksək texnologiyalı mərkəzlərlə davam edir. Hazırda ölkəmizdə bir çox universitet xəstəxanaları və ixtisaslaşmış ürək mərkəzləri, həm açıq, həm də minimal invaziv üsullarla mürəkkəb əməliyyatlar həyata keçirir. Türkiyədə ildə on minlərlə ürək əməliyyatı uğurla icra olunur və nəticələr beynəlxalq səviyyədə qəbul olunur”.
Qazaxıstanlı kardioloq Muradym Murzagaliyev öz ölkəsində ürək-damar cərrahiyyəsinin son illərdə əhəmiyyətli inkişaf mərhələsindən keçdiyini bildirib: “Xüsusilə paytaxt Astana və Almatı şəhərlərində yerləşən ixtisaslaşmış tibb müəssisələri bu sahədə həm texniki, həm də elmi baxımdan güclü infrastruktur yaradıb. 2000-ci illərdən sonra dövlət tərəfindən səhiyyəyə, xüsusilə kardioloji və cərrahi xidmətlərə yatırılan sərmayələr nəticəsində bir çox müasir kardiocərrahiyyə mərkəzləri istifadəyə verilib. Hazırda Qazaxıstanda açıq ürək əməliyyatları, koronar by-pass, damar protezləmələri və ürək qapaqlarının dəyişdirilməsi uğurla həyata keçirilir.