×
Sentyabrın 7-də Bakı Konqres Mərkəzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov açaraq TDT çərçivəsində reallaşan tədbirin təşkilata üzv və müşahidəçi ölkələrin fövqəladə halların idarə edilməsi üzrə müvafiq dövlət qurumları arasında faydalı əməkdaşlığa yeni təkan verəcəyinə əminliyini ifadə edib.
Nazir türk dövlətləri liderlərinin müdrik uzaqgörənliyi və siyasi iradəsi sayəsində ölkələrimiz arasında hərtərəfli münasibətlərin ildən-ilə sürətlə genişləndiyini vurğulayıb. Ölkələrimiz arasında sıx inteqrasiya prosesləri qarşılıqlı əlaqələri əhəmiyyətli dərəcədə genişləndirib, türk dünyasının birliyini, gücünü, qüdrətini artırıb. Bu ilin fevral ayında qardaş Türkiyədə baş vermiş və bütün türk dünyasını sarsıtmış dağıdıcı zəlzələni xatırladan Kəmaləddin Heydərov dəhşətli təbii fəlakətlə mübarizədə türk dövlətlərinin dəstəyini ölkələrimiz arasında həmrəyliyin bariz nümunəsi adlandırıb.
Qeyd edilib ki, bu çərçivədə fövqəladə hallarla mübarizə üzrə ölkələrimizin aidiyyəti dövlət qurumları arasındakı əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar mövcuddur. Təbii və texnogen xarakterli fövqəladə halların getdikcə geniş vüsət aldığı müasir dünyada ölkələrimizin fövqəladə hallarla koordinasiyalı mübarizəsinin əhəmiyyətini qeyd edən nazir K.Heydərov TDT-yə üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci iclası və iclas çərçivəsində yekun müzakirəsi keçiriləcək “Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Saziş”in qurumlar arasında əlaqələrin daha da genişlənməsinə mühüm töhfə verəcəyinə əminlik ifadə edib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 gün ərzində Azərbaycanın şanlı Ordusu tərəfindən Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı dədə-baba torpaqlarımızın azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu qürur hissi ilə qeyd edən nazir FHN-in qüvvələri tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyətinə də toxunub.
TDT-nin baş katibi Kubanıçbek Ömüraliyev TDT-yə üzv və müşahidəçi dövlətlərin Fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci iclasına Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Bakının ev sahibliyi etməsinə görə təşəkkür edib. K.Ömüraliyev nazirlərin Bakı görüşünün təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində türk xalqları və dövlətləri arasında həmrəyliyin möhkəmləndirilməsinə növbəti təkan verəcəyinə əmin olduğunu deyib.
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya, Qazaxıstanın fövqəladə hallar naziri general-mayor Sırım Şaripxanov, Özbəkistanın fövqəladə hallar naziri general-mayor Abdulla Kuldaşev, Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajikeev, Şimali Kipr Türk Respublikasının daxili işlər naziri Dursun Oğuz keçirilən tədbirin əhəmiyyətini vurğulayıb, irimiqyaslı fövqəladə hallarla mübarizə üzrə türk dövlətləri arasında koordinasiyalı fəaliyyətin vacibliyini qeyd ediblər.
İclasda “Türk Dövlətləri Təşkilatı Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Saziş” layihəsinin yekun müzakirəsi aparılıb.
Sonra Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci iclasının bəyannaməsi imzalanıb.