×
Martın 15-də Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğız, Özbəkistan, Türkmənistan, Tacikistan və Gürcüstan gömrük xidmətlərinin rəhbərləri və təmsilçiləri, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Kunio Mikuriya, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Mirvoxid Azimov, BMT-nin Avropa üçün İqtisadi Komissiyasının, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirin açılış mərasimində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya, “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Asset Assavbayev, iqtisadiyyat nazirinin müşaviri Emil Məcidov salamlama nitqləri ilə çıxış ediblər, BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibi Olqa Alqayerovanın videomüraciəti iştirakçıların diqqətinə çatdırılıb.
Sonra Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya “Beynəlxalq ticarətdə gömrük tranzitinin rolu”, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Mirvoxid Azimov isə “Orta Dəhlizin inkişafı: Türk Dövlətləri Təşkilatının baxışı” mövzularında çıxış ediblər.
Qeyd edilib ki, görüş Orta Dəhliz boyunca “Bir pəncərə” prinsipindən istifadə etməklə rəqəmsal həllər əsasında tranzit gömrük prosedurlarının sadələşdirilməsi, yük və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin sürətləndirilməsi mexanizmlərinin hazırlanaraq reallaşdırılması məqsədilə keçirilib.
Görüşdə Azərbaycan gömrük xidmətinin mütəxəssisləri tərəfindən hazırlanan Transxəzər Tranzit Portalının təqdimatı keçirilib. Bildirilib ki, bu tətbiq mal və nəqliyyat vasitələrinin bir bəyannamə əsasında dəhliz boyu hərəkətinə, məlumatların elektron qaydada mübadiləsinə, əvvəlcədən təqdim edilmiş gömrük tranzit bəyannaməsinin tranzit sənədi kimi istifadəsinə imkan yaradacaq. Həmçinin portal gömrük xidmətlərinin asanlaşdırılması və səmərəliliyinin artırılması, risklərin təhlili əsasında gömrük nəzarəti formalarının tətbiqi barədə qərar qəbul edilməsi, gömrük nəzarəti nəticələrinin mübadiləsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Bundan başqa, tranzit prosedurunun sadələşdirilməsi üçün tətbiq edilən beynəlxalq mexanizmlər barədə təqdimatlar da nümayiş etdirilib.
Sonda iştirakçı ölkələrin gömrük xidmətlərinin rəhbərləri tərəfindən “Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə sadələşdirilmiş tranzit qaydasının işlənib hazırlanması və tətbiqi üzrə Fəaliyyət Planı” qəbul edilib və iclasın yekun Protokolu imzalanıb.
Qeyd edək ki, tərəflər müzakirə olunan məsələlərin qısa vaxt ərzində reallaşdırılmasını hədəf kimi müəyyən edib ki, bu da orta dəhlizin cəlbediciliyinin artırılmasına, Şərq-Qərb marşrutu üzrə yüklərin daha qısa vaxt və vəsait hesabına daşınmasına, ticarət-təchizat zəncirinin davamlılığının təmin edilməsinə mühüm imkanlar yaradacaq.